Prezident teklif etdi, o da qebul etdi...
09 İyul 2013 Çərşənbə Axşamı 07:16
ABŞ-ı ifşa edən cəsus siyasi sığınacaq üçün Venesuelaya müraciət edib.
Venesuela prezidenti Nikolas Maduro Edvard Snoudenin sığınacaqdan ötrü onun ölkəsinə müraciət etdiyi barədə məlumat verib. ANS PRESS-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, prezident "Biz artıq sığınacaq barədə müraciəti almışıq….İndi o özü nə vaxt bura uçacağına qərar verməlidir", deyə bildirib.

Xatırladaq ki, Venesuela prezidenti Nikolas Maduro, "Venesuela Bolivar Respublikasının dövlət və hökumət başçısı kimi mən gənc amerikalı Snoudenə humanitar sığınacaq vermək qərarına gəlmişəm", deyə MKİ-nin keçmiş əməkdaşına sığınacaq təklif etmişdi.

Eləcə də Rusiya və Nikaraqua ABŞ-ı ifşa etmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Edvard Snoudenə siyasi sığınacaq verməyə hazır olduqlarını bəyan etmişdilər.

Nikaraqua Amerikadakı dinləmə skandalını ortaya çıxaran Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Edvard Snoudenə sığınacaq verə bilər.Bu barədə Nikaraquanın prezidenti Daniel Orteqa bəyan edib. "Böyük məmnuniyyətlə, əgər şərait imkan versə", - Manaquada ictimai tədbirin gedişatında Orteqa deyib.

Prezidentin sözlərinə görə, Snouden bir neçə gün əvvəl Rusiyada Nikaraqua səfirliyinə sığınacağın verilməsi haqqında ərizə məktubu ilə müraciət edib.

Rusiya iqtidarı da Amerikadakı dinləmə skandalını ortaya çıxaran Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Edvard Snoudenə siyasi sığınacaq verməyə hazır olduğunu bildirib.

İtaliya isə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə siyasi sığınacaq verməyəcəyini bəyan edib. Bu barədə İtaliya XİN rəhbəri Emma Bonino məlumat verib. Bonino bildirib ki, Snouden siyasi sığınacaq barədə müraciəti şəxsən İtaliya ərazisində və ya sərhəddə etməlidir. Snouden isə müraciəti Rusiyadan göndərib. Ona görə də İtaliya hökuməti müraciəti nəzərdən keçirmək belə istəmir.

Fransa da Snoudenin müvafiq müraciətinə rədd cavabı verib. Bu barədə bəyanatla ölkənin daxili işlər naziri Manuel Vals çıxış edib. Vals bu qərarı «maraqlı tərəfin vəziyyəti» ilə izah edib.

Xatırladaq ki, Mərkəzi Kəşfiyyat İdarəsinin texniki mütəxəssisi Edvard Snouden məhkəmənin məxfi orderini yaymaqda günahlandırılır. Həmin orderə əsasən ABŞ-a «Verizon» iri mobil operatorunun bütün zənglərini izləmək hüququ verilir. Həmçinin Snouden ABŞ Milli Təhlükəsizlik agentliyinin məxfi PRISM proqramı barədə məlumatları yaymaqda ittiham edilir. Bu proqram böyük saytlarda elektron kommunikasiyaları izləməyə imkan verir.

Hazırda Edvard Snouden Moskvada «Şeremetyevo» hava limanının ərazisindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar