Prezident ölkənin bütün gücünü səfərbər etdi
14 May 2014 Çərşənbə 07:59
Abdullah Gül dövlətin bütün imkanlarının səfərbər edilməsi haqqında göstəriş verib.
Ötən gün Türkiyə Manisa vilayətinin Soma rayonunda güclü mədən partlayışı meydana gəlməsi hökumətin planlarını dəyişib.
ANS PRESS-in məlumatına görə, ötən gün Manisa vilayətinin Soma rayonunda baş verən mədən partlayışı ölkə prezidentini və baş nazirinin planlarına təsir edib.
Hadisədən xəbər tutan ölkə prezidenti Abdullah Gül dərhal Manisanın meri Əbdürrəhman Savaşla əlaqə saxlayaraq dövlətin bütün imkanlarının səfərbər edilməsi haqqında göstəriş verib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə hadisə ilə bağlı bu günə nəzərdə tutulan Albaniya səfərini təxirə salaraq, hadisənin baş verdiyi yerə gedəcəyini açıqlayıb.
Türkiyənin Enerji və təbii sərvətlər naziri Taner Yıldız isə hadisə yerinə gedərək, oradakı xilasetmə imkanları ilə tanış olub və əlavə tədbirlər barədə göstərişlər verib. Gecə ərzində bir neçə dəfə ölü və yaralıların sayını açıqlayan nazir Yıldız ölü sayının çox olacağından narahat olduğunu da vurğulayıb.
Son məlumatlara görə, hadisədə 201 nəfərin öldüyü, mədəndə qalan 150-160 nəfərin isə axtarış və xilasetmə əməliyyatı davam etdirilir.
Hazırda hadisənin baş verdiyi ərazidə işçilərin yaxınları ümidlə doğmalarının sağ çıxarılmasını gözləyirlər.
Qeyd edək ki, partayışdan sonra hadisə yerinə bir anda insan axınının başlaması Soma yolunda uzun bir tıxaca da səbəb olub.
DOSTLARINLA PAYLAŞ: