Prezident Barak Obama 1 milyon insan qarşısında and içdi
22 Yanvar 2013 Çərşənbə Axşamı 22:19
Barak Obama: Dünyanın bir çox ölkəsində adamlarda belə bir imkan yoxdur.
Amerika Birləşmiş Ştatlarının ikinci müddətə prezidenti seçilən Barak Obamanın andiçmə mərasimində minlərlə insanla yanaşı ANS-in əməkdaşı Sevinc Osmanqızı da iştirak edib. 4 il əvvəl Amerikanın ilk qaradərili prezidenti seçilən Barak Obamanın ikinci andiçməsi də gözlənilən 700-800 min baryeri aşdı. Ölkənin hər yerindən gələn 1 milyonadək ziyarətçi prezidentin andiçməsini müşahidə etmək üçün Vaşinqtonun milli parkında saatlarca növbə gözlədi.
Qütbləşmiş Amerika seçicisi qarşısında çıxış edən prezident bir dəfə də olsun demokrat və ya respublikaçı sözünü dilə gətirmədi, lakin siyasi liderləri birləşməyə çağırdı: “Məncə, bu günkü tədbirin əsas ismarıcı bundan ibarətdir ki, bura demokratiyadır və liderimizin kim olmasını seçən, qərar verən bizik. Dünyanın bir çox ölkəsində adamlarda belə bir imkan yoxdur”.
Andiçmə günü paytaxtda bir neçə etiraz piketi də keçirildi. Prezidentin silaha nəzarət qanunundan başlamış abort, cinsi azlıqlaradək olan siyasətinə qarşı çıxanlar piket keçirməklə öz etirazlarını bildirdilər.
Bu dəfəki inauqurasiya 2009-cu ildəki 1.8 milyonluq rekordu qıra bilməsə də, Amerikanın tarixində ən izdihamlı tədbirlərdən biri oldu.