Prezident Abdullah Gül “twitter”də, vaxtının olmadığını bildirib
01 Fevral 2013 Cümə 07:49
Prezident Abdullah Gül: Hamıya tək-tək cavab versəm başqa işlərimi görə bilmərəm.
Ölkə ictimaiyyəti ilə sosial şəbəkə saytı “twitter” vasitəsilə əlaqə saxlayan Türkiyə prezidenti Abdullah Gül bəzi məqamlara da açıqlıq gətirib. Ölkə rəhbəri yazılan bütün ismarışları oxuduğunu, amma hər kəsə tək-tək cavab yazacaq vaxtının olmadığını açıqlayıb.
“Bəzən, “ismarışıma cavab verilmədi” – kimi incikliklər olur. Nöqsanın mən də fərqindəyəm və bu vəziyyət məndə təşviş yaradır. Amma hamıya tək-tək cavab versəm başqa işlərimi görə bilmərəm. Yəni vaxt problemi var” – deyə Abdullah Gül bildirib.
“Twitter”də bütün ismarışları şəxsən özünün yazdığını bildirən Türkiyə prezidenti təqibçilərindən anlayış gözlədiyini vurğulayıb.
Xatırladaq ki, 2011-ci ilin noyabr ayında Türkiyənin Van şəhərində baş vermiş zəlzələdə dağıntıların altında qalan şəhər sakini prezident Abdullah Gülün “twitter” səhifəsinə ismarış yazaraq kömək istəmiş, ölkə rəhbərinin istiqamət verməsi ilə qaldığı yerdən çıxarılmışdı.
Qeyd edək ki, Abdullah Gül Türkiyədə “twitter”də ən çox təqibçisi olan siyasətçidir.
DOSTLARINLA PAYLAŞ: