Pravoslav kilsəsi erməni katalikosu ilə görüşdən qaçır
15 Dekabr 2010 Çərşənbə 16:40
Erməni deputat Şirak Torosyan II Qareginin Gürcüstana səfərinin baş tutmamasına aydınlıq gətirib
Gürcüstanın Pravoslav kilsəsi bütün ermənilərin katalikosu II Qareginlə görüşdən qaçır. ANS PRESS-in erməni saytlarına istinadən verdiyi xəbərə görə, Ermənistan parlamentinin deputatı Şirak Torosyan bu fikirlə çıxış edib.

Onun sözlərinə görə, əvvəlcə katalikosun Gürcüstana səfəri cari ilin yaz aylarına planlaşdırılmışdı, daha sonra payızın sonlarına keçirildi və indi aydın oldu ki, görüş gələn ildən tez baş tutmayacaq.

“Bununla belə, səfərin vaxtının uzadılması üçün müxtəlif cür əsaslar gətirilir. Sonuncu dəfə isə Gürcüstan tərəfi patriarx II İlyanın səhhəti ilə bağlı bəhanə gətirib. Lakin II İlya səhhətinin pis olmasına baxmayaraq, fəal və gümrah şəkildə Gürcüstan regionlarına səfər edir. Belə hallarda səhhəti ilə bağlı problemlər onun işinə mane olmur. Açıq-aydın görünür ki, Gürcüstanın ruhani hakimiyyəti özləri üçün heç də xoş olmayan danışıqlardan, xüsusilə də erməni Apostol kilsəsinin statusu və erməni kilsələrinin qaytarılması ilə bağlı məsələlərdən ehtiyatlanır. Məhz bu səbəblərdən onlar bu göruşdən qaçmağa çalışırlar”, - deyə erməni deputat bildirib.

Onun sözlərinə görə, katalikosun səfəri ilə bağlı bütün bu söhbətlər Gürcüstanın reinteqrasiya məsələləri üzrə naziri Yelena Teodoradzenin çıxışından sonra öz məntiqi sonluğunu aldı:

“O birbaşa bəyan etdi ki, Gürcüstan hakimiyyəti erməni Apostol kilsəsinə status verməyəcək. Məlum oldu ki, bu qədər mübarizə, səy göstərilməsi və s. boş imiş – Gürcüstan hakimiyyətinin mövqei dəyişməz qalıb”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar