Polşada prezident seçkilərinin ikinci turu ola bilər
20 İyun 2010 Bazar 19:35
Polşada prezident seçkilərinin ikinci turu ola bilər. Ekspertlər bunun qaçılmaz olduğunu düşünür.
Bu gün Polşada növbədənkənar prezident seçkiləri keçirilir. Aprelin 10-da təyyarə qəzasında həlak olan prezident Lex Kaçinskinin varisinin kim olacağı artiq bu gün axşam məlum ola bilər. Lakin ekspertlər seçkilərin ikinci turunun qaçılmaz olduğu qənaətindədir.
Polşada prezident postu uğrunda 10 namizəd mübarizə aparır. Onların arasında Smolensk yaxınlığında baş vermiş təyyarə qəzasında faciəli şəkildə həlak olmuş Polşa prezidenti Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski və parlamentin aşağı palatasının sədri, prezidentin səlahiyyətlərini icra edən Bronislav Komarovski də var. Məhz bu 2 namizəd seçkilərin əsas favoriti hesab edilir.
Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən yeni kabinet formalaşdırılacaq. Sosioloji sorğuların nəticələrinə görə, seçicilərin 30 faizi Yaroslav Kaçinskiyə, 40 faizi isə Branislav Komarovskiyə səs verəcək. Üçüncü yeri isə prezidentliyə namizədlərin ən gənci - “Demokratik solçular” partiyasının lideri, 36 yaşlı Qjeqoj Naperalskinin tutacağı proqnozlaşdırılır.
Sosioloqların qənaətinə görə, namizədlərdən heç biri birinci turda prezident seçilmək üçün tələb olunan 50 faizlik baryeri aşa bilməyəcək. Bu proqnoz düzgün çıxarsa, Polşada iyulun 4-də prezident seçkilərinin ikinci mərhələsi keçiriləcək. Yaroslav Kaçinski prezident seçiciləcəyi təqdirdə, Rusiya ilə münasibətləri yaxşılaşdıracağını və ilk rəsmi səfərini də Moskvaya edəcəyini bildirib. Polşanın hakim “Vətəndaş platforması” partiyasının lideri, baş nazir Donald Tusk isə seçiciləri Polşanın sabiq prezidentinin qardaşı Yaroslav Kaçinskiyə səs verməməyə çağırıb. O, Bronislav Kamarovskiyə səs verməyi məsləhət görüb. Tuskun fikrincə, əgər seçkilərdə Yaroslav Kaçinski qalib gələrsə, bu, Rusiya ilə münasibətlər baxımından Polşa üçün böyük çətinliklər yaradacaq.
Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski aprelin 10-da Rusiyanın Smolensk vilayəti yaxınlığında qəzaya uğramış təyyarədə həlak olub. Kaçinski ilə yanaşı onun xanımı və Tu-154 təyyarəsinin göyərtəsində olanların hamısı həlak olmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: