Polşa təyyarə qəzası ilə bağlı günahkarı tapdı
19 Yanvar 2011 Çərşənbə 10:40
Polşa tərəfi rusiyalı dispetçerlərin günahını sübut edən faktları nümayiş etdirib.
Rusiyadan sonra Polşa tərəfi də ölkə prezidenti Lex Kaçinskinin uçduğu “TU-154” təyyarəsinin Rusiyanın Smolensk vilayətində qəzaya uğraması ilə bağlı hesabatını açıqlayıb. Polşa qəzada günahı rusiyalı dispetçerlərdə görüb. Beynəlxalq Aviasiya Komitəsi Polşa prezidenti Lex Kaçinskinin uçduğu təyyarənin qəzadan öncə Smolensk hava limanındakı dipetçerlərlə bütün danışıqlarının transkripsiyasını dərc edib.
Polşa daxili işlər naziri və qəzanın səbəblərini araşdıran hökumət komissiyasının rəhbəri Yeji Miller keçirdiyi mətbuat konfransında bildirib ki, Polşa mütəxəssisləri tərəfindən yenidən qurulan səs yazıları və video görüntülər rəsmi Varşavanın araşdırması ilə bağlı tutduğu nöqsanların ədalətli olduğunu təsdiq edir. Polşa tərəfi hesab edir ki, Rusiya tərəfindən olan dispetçerlər ekipajı vaxtında məlumatlandırmayıb.
“Dispetçerlər çox güclü təzyiq altında işləyiblər və bir çox səhvlərə yol veriblər. Onlar ekipaja çətin hava şəraitində lazımi köməkliyi göstərməyiblər. Biz elə sənədlər təqdim etmişik ki, bu sənədlər hər şeyi açıq aydın göstərir. Bizim doğru olduğumuzu faktlar sübut edir. Əsas odur ki, bu kimi hadisələr gələcəkdə də baş verməsin”, deyə Yeji Miller qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya tərəfi təyyarə qəzası ilə bağlı hesabatını açıqlayıb. Hesabata görə, qəzada günahkar pilotlar və onlara təxyiq edən Polşa prezidenti Lex Kaçinski olub.
Polşanın baş naziri Donald Tusk, ölkə prezidenti Lex Kaçınski və cox sayda yüksək vəzifəli şəxslərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı Rusiyanın hazırladığı hesabatın birmənalı olaraq qəbuledilməz olduğunu bildirib. Baş nazir sənəddəki laqeydliklərin və səhvlərin, və yaxud da hesabatda Polşanın istədiyi müsbət yanaşmanın olmamasını hesabatın əsassız olduğunu söyləmək üçün kifayət etdiyini qeyd edib.
Xatırladaq ki, ötən ilin aprelin 10-da Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı və ölkənin daha 94 yüksək vəzifəli şəxslərini daşıyan təyyarə Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğramış və bütün sərnişinlər ölmüşdü. Hadisə təyyarə yerə eniş edən zaman baş verib.
Qəzaya uğramış təyyarədə Polşa prezidenti və xanımı ilə yanaşı, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, general Tadeuş Ploski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: