Qadın 10 yaşlı oğlunun xatirinə onu buraxmaları üçün polis əməkdaşlarına yalvarıb, lakin...
Ukraynalı jurnalistlər Daxili İşlər Nazirliyi əməkdaşlarının mağazada satıcı işləyən qadına hücumunun təfərrüatlarını aydınlaşdırıblar. Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, zərərçəkən İrina Kraşova bildirib ki, polislər zorladıqdan sonra onu öldürmək istəyib. Qadın möcüzə nəticəsində sağ qalıb.
Nikolayevsk vilayətinin polisləri qrup şəklində qadını zorlayan həmkarlarını həbs edib. Onlardan biri - leytenant Dmitriy Polişuk rayon prokurorunun qohumudur. Baş leytenant Yevgeni Drıjak isə DİN Nikolayevsk vilayət idarəsinin bu günlərdə vəzifəsindən kənarlaşdırılan rəhbərinin xaç oğludur.
Vradievka qəsəbəsinin 29 yaşlı sakini İrina Kraşkova bildirib ki, o, öz zülmkarlarını əvvəldən tanıyıb. Bundan əlavə, Polişuk qadının satıcı işlədiyi mağazanın yaxınlığında yaşayır və tez-tez oradan alış-veriş edirmiş.
"Qəsəbədə Drıjakın sırtıq, ədəbsiz davranışlarına gorə çox pis reputasiyası olub", - deyə zərərçəkmiş qadının qardaşı Gennadi deyib. Onun sözlərinə görə, Drıjak az qala hər axşam polis formasında qəsəbədəki bara gəlib, içki içərək "qəsəbənin ağası" olduğunu nümayiş etdirib.
İrinanın sözlərinə görə, iyunun 26-da o, kluba diskotekaya gedib. Girişdə öyrənib ki, bara daxil olmağın qiyməti iki dəfə artıb. Qadın içəri daxil olmağa tərəddüd edərkən Dmitriy Polişuk peyda olub və onun yerinə 10 qriven ödəyib.
Ancaq 10 dəqiqədn sonra rəfiqəsi gəlmədiyi üçün İrina klubu tərk edib. Küçədə o, sərxoş vəziyyətdə olan Polişukun onu izlədiyini müşahidə edib
İrina evə gedərkən yolda ona avtomobil yaxınlaşıb. Avtomobilin içərisində taksi sürücüsü ilə yanaşı Drıjak və Polişuk olub. Onlar qızı zorla avtomobilə oturdub və beşbarmaqla onun başına bir neçə zərbə endiriblər.
Satıcı qadın xəstə anası və 10 yaşlı oğlunun xatirinə onu buraxmaları üçün polis əməkdaşlarına yalvarıb. Lakin qanun keşikçiləri ondan əl çəkməyib.
Drıjak onun bu sözlərinə gülərək qadının paltarını cırıb və onu zorlayıb. Daha sonra təcüvüzçü qadına işarə edərək öz həmkarına "Onu istəyirsən? Götür", - deyib. Bundan sonra qadına qarşı eyni seksual cinayəti Polişuk törədib. Taksi sürücüsü isə bu zaman küt alətlə qadının başına vurub.
İrinaya təcavüz etdikdən sonra polislər onun üzünü cırıblar. Habelə qadının qulaqları, dodaqları və yanaqları cırıq-cırıq edilib. Polislər daha sonra saçlarından tutaraq qadını sürüyüb avtomobildən yerə atıblar. Onlar qadının qızıl boyunbağı və xaçını, telefonunu, saatını əlindən alaraq oradan uzaqlaşıblar.
İrina hələ də başa düşmür ki, o, bu hadisədən sonra niyə huşunu itirməyib. Belə ki, o başından bir neçə ağır zərbə alıb. Bir saata yaxın çəmənlikdə uzanan İrina yenidən öz zülmkarlarının səsini eşidib. Zərərçəkən başa düşüb ki, onu öldürməyə gəlirlər və gizlənmək lazımdır. Onun yadına Oksana Makarın dəhşətli taleyi düşüb. Belə ki, bir müddət əvvəl Oksanaya təcavüz edib onu diri-diri yandırıblar və cinayətin üstü açılmayıb.
"Mən yaxınlıqdakı kolluğa tərəf sürünməyə başladım. Kolların arasına girib səsimi çıxarmadan dua etdim" - deyir İrina. Vəhşi polislər qadın gizlənən yerin yaxınlığına gəlsələr də, onu görməyiblər.
Səhərə yaxın İrina qəsəbədəki dəyirmana qədər gəlib və orada yaşayan bir qadın onu görüb. Həmin qadın təcili yardım çağırıb.
Bir gün sonra polis zərəçəkənin ifadəsi əsasında Polişuk və taksi sürücüsünü həbs edib. Drıjakun isə alibisi olub: o, həmin gün növbətçi olub. Qəsəbə sakinləri bunun ağ yalan olduğunu və onu barda gördüklərini bildiriblər. Onun məsuliyyətdən kənarda saxlanıldığını görən sakinlər mitinq keçirib və polis bölməsinə hücum ediblər. Bundan sonra polis rəisi onlarla danışıq aparmağa məcbur olub. Polis rəisi bildirib ki, Drıjakın növbədə olduğunu əks etdirən videogörüntülər ekspertizaya göndərilib və nəticələr bir həftədən sonra bəlli olacaq. Bu əhalini daha da qəzəbləndirib və onlar yenidən toplaşaraq polis bölməsinin yerləşdiyi binaya yumurta, butılka və "Molotov kokteyli" atıblar.
Əhaliyə müqavimət göstərə bilməyən polislər zirzəmidə gizlənməyə məcbur olub. Əhalinin narazılığı vilayətin polis rəisi və prokurorunun vəzifələrindən uzaqlaşdırılması ilə nəticələnib. Bundan sonra təcavüz olayının dəgər iştirakçısı - Drıjak da həbs edilib.
İrina Kraşkovanın təcavüzə məruz qalmasından sonra çoxları 2011-ci ildə baş verən bir cinayət hadisəsini də xatırlayıb. O zaman qəsəbədəki nohurun sahilindən zorlandıqdan sonra döyülüb qətlə yetirilmiş 15 yaşlı Alina Porkulun meyiti tapılıb. Hadisə ilə bağlı 11 nəfər həbs edilsə də, onlar günahsız olduğunu bildirib və həbs olunanlardan biri qəbiristanlığIn yaxınlığında özünü asıb, digəri evdə ölüb, üçüncüsü isə polis bölməsində intihar edib.
Ancaq Alinanın əsl qatili bu günə qədər tapılmayıb. Yerli sakinlər isə bu hadisənin İrinan zorlanması ilə oxşar olduğunu bildiriblər.
2012-ci ildə isə eyni şəraitdə qəsəbənin digər sakini - 26 yaşlı qadın öldürülüb. Bu cinayət işi də açılmamış qalıb.
Qeyd edək ki, qəsəbə sakinlərinin narazılığı Ukrayna prezidenti Viktor Yanukoviçin məsələyə müdaxilə etməsinə səbəb olub. Prezident baş prokuror Viktor Pşonka təhlükəsizlik xidməti və DİN-lə birgə iclas keçirib hüquq-mühafizə orqanları əməkdaşlarının qanunazidd hərəkətlərinə dair bütün faktların araşdırılmasını tapşırıb.