Pakistanın Lahor şəhərində Polis Akademiyasına silahlı hücum olub. Associated Press-in məlumatına görə, hücum səhər saatlarında, akademiyada təhsil alanların təlimə hazırlaşdığı vaxt baş verib. Nəticədə 8 nəfər ölüb, 20-dən artıq adam yaralanıb. Hökumət nümayəndəsi Rao İftixar atışmanın hələ də davam etdiyini bildirib.
Xatırladaq ki, martın 3-də Lahor şəhərində bir qrup terrorçu Şri-Lankanın kriket üzrə yığması olan avtobusu atəşə tutmuşdu. Nəticədə altı polis, iki mülki sakin ölmüşdü. Faktla bağlı 20-yə yaxın şübhəli şəxs saxlanılmışdı. /ANS PRESS/