PKK terror təşkilatının bəzi liderləri məhv edilib
26 May 2009 Çərşənbə Axşamı 16:45
Türkiyə təhlükəsizlik qüvvələrinin son 10 gündə ölkənin cənub-şərqindəki Diyarbəkir və Siirt rayonları ərazisində apardığı əməliyyatlar zamanı PKK terror təşkilatının lider qrupuna daxil olan 8 nəfər məhv edilib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, məhv edilən terrorçular arasında PKK-nın Diyarbəkir üzrə məsul nümayəndəsi Əli İhsan İke və “Botan” (kürdlərin Hakkari, Şırnak, Mardin bölgələrini aid etdikləri bölgə) üzrə məsul nümayəndəsi Niyazi Akın da var.

İlk əməliyyat mayın 17-də Siirtin Çırav dağında keçirilib. “Botan” bölgəsinə cavabdeh olan “Şevan Sason” kod adlı Niyazi Akın və üç köməkçisinin toplantı keçirdikləri və PKK-nın İraqın şimalındakı liderləri ilə əlaqə saxladıqları müəyyən edilib. Bu məlumat alındıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin Diyarbəkirdəki bazasından qalxan F-16 təyyarələri terrorçuların olduğu ərazini bombalayıb. Təyyarələrdən sonra “Super Cobra” hərbi vertolyotları da müəyyən edilmiş hədəflərə zərbə endiriblər. Nəticədə N. Akın və köməkçiləri öldürülüb.

İkinci əməliyyat Diyarbəkirin Lice rayonunda keçirilib. Aralarında PKK-nın lider heyətinə aid şəxslərin də olduğu bir qrup terrorçunun toplantı keçirəcəyinə dair kəşfiyyat məlumatı əldə edildikdən sonra gecə yarısı bölgəyə xüsusi təyinatlı qüvvələr (kommandoslar) göndərilib. PKK-çıların yığışdığı ərazi havadan “Super Cobra”larla bombalanıb, qaçmağa çalışan terrorçular isə kommandoslarla qarşılaşıblar. Nəticədə PKK rəhbərliyində Diyarbəkirə cavabdeh olan “Gever” kod adlı Əli İhsan İke, onun mühafizəçisi, “Rüstəm Ərdal” kod adlı Səttar Əlizadə, PKK-nın qadın liderlərindən biri olan “Beritan Hevi” kod adlı Leyla Şanlı, onun müavini, “Səma Mabata” kod adlı Zübeydə Çətinqaya öldürülüb.

Bu əməliyyatlardan sonra PKK-nın İraqın şimalında yerləşən Qəndil dağındakı başçıları Türkiyə daxilindəki terrorçulara qisas aksiyaları keçirmək barədə təlimat veriblər. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı və Əmniyyət (asayiş) Müdirliyi bütün hüquq-mühafizə orqanlarına xəbərdarlıq göndərərək təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb ediblər.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar