PKK millət vəkili xəstəxanada həkimi döydü
21 Aprel 2012 Şənbə 02:56
PKK millət vəkili xəstəxanada həkimi döydü. Bu, Türkiyədə həkimə qarşı ilk zorakılıq hadisəsi deyil.
Türkiyədə PKK terror təşkilatının siyasi cinahı hesab edilən kürd Sülh və Demokratiya partiyası (Barış ve Demokrasi partisi-BDP) millət vəkili Özdal Üçer xəstəxanada mübahisə etdiyi həkimi döyüb. Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə millət vəkilinin qəzaya düşən həyat yoldaşı və oğlunun xəstəxanaya düşməsindən sonra baş verib. Məlumata görə, millət vəkilinin həyat yoldaşı Əminə Üçer idarə etdiyi avtomobillə Van vilayətinin Gürpınar rayonunda qəza keçirib.
Qəzadan xəbər tutub xəstəxanaya gedərək hay-küy salan deputat ondan kim olduğunu soruşan həkim Oğuz Eroğluna hücum edərək onu döyməyə başlayıb. Xəstəxana heyəti davanı ayırmağa çalışdığı vaxt isə Özdal Üçer şöbə müdirini küçə söyüşləri ilə təhqir etməyə başlayıb.
Qeyd edək ki, Van valisi Münir Karaoğlu və polis rəisi Mustafa Uçkan hadisədən sonra xəstəxanada olub və baş verənləri yerində araşdırıb.
Millət vəkilinin həyat yoldaşı Əminə Uçer və oğlu Aram Dildarın vəziyyətinin isə qənaətbəxş olduğu bildirilib.
Xatırladaq ki, bir neçə gün əvvəl də Türkiyədə həkimə qarşı zorakılıq hadisəsi baş vermiş, nənəsi vəfat edən 17 yaşlı şəxs bu işdə həkimi günahkar bilmiş onu bıçaqlayaraq öldürmüşdü. Bu hadisə səbəbilə iki gün əvvəl səhiyyə işçiləri baş verənlərə etiraz edərək bütün ölkədə tətil etmişdi.
Hadisəyə münasibət bildirən səhiyyə naziri Rəcəb Akdağ isə həkimlərə qarşı baş vermiş zorakılıq halarını kəskin şəkildə pisləyib.
DOSTLARINLA PAYLAŞ: