PKK lideri Abdulla Öcalan tərəfdaşlarını sülhə çağırdı
21 Mart 2013 Cümə Axşamı 17:02
Abdulla Öcalan : Silahları buraxın və Türkiyə sərhədlərinin kənarına çıxın.
Türkiyədə ömürlük həbsdə olan kürd separatçılarının lideri Abdulla Öcalan bu gün rəhbərlik etdiyi Kürd Fəhlə Partiyasını (PKK) təslim olmağa çağırıb. O, ölkə ərazisindən silahlı dəstələri çıxarmağa, uzun sürən münaqişənin nizamlanması üzrə sülh danışıqlarına başlamağa dəvət edib.

ANS PRESS-in “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, müraciət Diyarbəkir şəhərində leqal fəaliyyət göstərən kürdyönlü Sülh və Demokratiya Partiyasının nümayəndələri tərəfindən səsləndirilib. A. Öcalanın İmralıdan göndərdiyi müraciət şəhərin mərkəzində keçirilən Novruz şənliklərində oxunub.

A. Öcalan müraciətində bunları deyib: “Mənim etirazım çarəsizliyə, cahilliyə və köləliyə qarşıydı. Bizim mübarizəmiz etnik və ya hansısa dinə qarşı deyil, biz cəhalətə, geriliyə, hər cür zorakılığa qarşı çıxmışıq. Bu gün yeni bir Türkiyə, yeni bir Yaxın Şərq görürük. Bu gün yeni dönəm başlayır. Biz özümüzü bir xalq üçün fəda etdik, bu mübarizə səbəbsiz deyildi. Kürdlər kimliklərini yenidən yaratdılar.

Savaşa və qarışıqlığa artıq yetər deyirik. Mən bu gün milyonlarla insanın şahidliyində yeni dönəmə start verirəm. Silah deyil, siyasət önə çıxsın. Bu bir nəticə deyil, yeni mərhələnin başlanğıcıdır”.

Öcəlan bildirib ki, bu, Anadolu və kürd topluluqlarının sülh içində yaşaya biləcəyi bir mərhələdir: “Artıq silahlar sussun. Türk və kürd xalqlarının axan qanı duracaq. Silah deyil, siyasət işləyəcək. Silahları buraxın və Türkiyə sərhədlərinin kənarına çıxın. Silahlı mübarizədən demokratik mübarizəyə keçid edirik. İndi savaş və savaşma zamanı deyil. Birlik, bir-birinə sarılma zamanıdır. Mənə güvənənlər mərhələnin həssaslığını sonuna qədər nəzərə almalıdırlar. Bu, mübarizədən vaz keçmək yox, yeni mücadilənin başlanması deməkdir”.

O vurğulayıb ki, Çanaqqala savaşında türklər və kürdlər çiyin-çiyinə vuruşdular, birlikdə şəhid oldular. İndiki zamanda müharibə etməyin heç bir faydası olmayacaq: “Mən bu zülmün sona çatması üçün sizə müraciət edirəm. Bu mərhələyə və demokratik çözümlə sülhə dəstək verənlərə salam olsun. Yadlaşdırma siyasəti qarşısında qardaşlığı və xalqların birliyini quracağıq. İnkar və assimilyasiya siyasəti gücünü xalqdan almırdı. Xalqların birgə yaşamasının məsuliyyəti hər kəsin üzərinə düşür”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar