Pinoçeti daha diktator saymırlar
06 Yanvar 2012 Cümə 11:30
Keçmiş Çili liderinə qarşı siyasi münasibətin dəyişməsi qalmaqala səbəb olub.
Çilidə sağ-mərkəzçi hökumətin təsiri altında məktəb dərsliklərində general Auqusto Pinoçetin hakimiyyəti dövrünə münasibətin dəyişməsi siyasi qalmaqala səbəb olub. ANS PRESS “BBC”yə istinadən xəbər verir ki, indi Çilidə uşaqlara 1973-cü ildən 1990-cı ilə kimi Çilidə “diktatura” yox, “hərbi rejim” hakimiyyətdə olduğunu öyrədirlər.

Sol partiyalar hökuməti tarixi saxtalaşdırmaqda günahlandırırlar. Təhsil naziri Harald Beyer isə bildirib ki, sadəcə daha ümumi termin seçmək niyyətində olublar və heç bir siyasi məqsəd daşımayıblar. Beyer bu vəzifəyə bir həftədir ki, seçilib və bundan əvvəl nazirliyə rəhbərlik etmiş Felipe Buldesi əvəz edib. Beyerin sözlərinə görə, bu məsələ milli təhsil şurasında razılaşdırılıb və müzakirədə çox sayda pedoqoqlar iştirak edib.

"Mən razıyam ki, Pinoçet hökuməti demokratik olmayıb. Amma “diktatura” sözü hərbi rejimə qarşı da tətbiq edilə bilməz",- deyə Beyer bildirib.

Auqusto Pinoçetin hakimiyyətini “diktatura” yox, "hərbi rejim" saymağı Sebastyan Pinyeranın hökuməti təklif edib. O, 17 yanvar 2010-cu ildə keçirilmiş prezident seçkisində qələbə çalıb. Pinyera sağ-mərkəzçi “Milli dirçəliş” partiyasının lideri və keçmiş senatordur. Çox varlıdır və 2,4 millyard dollar qiymətləndirilən varidata malikdir.

Pinoçetin hakimiyyəti (1973-1990-cu illər) indiyə kimi diktatura və hərbi çeviriliş sayılırdı. Valeça adına hüquq müdafiə komitəsinin məlumatına görə, 17 illik diktatura dövründə 40 min adama zülm olunub və 3 min adam itkin düşüb. 1998-ci ildən 2006-cı ilə kimi ona qarşı məhkəmə istintaqı aparılıb. O, 10 dekabr 2006-cı ildə dünyasını dəyişib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar