"Petkim" Afrikaya yardım əli uzadır
09 Avqust 2011 Çərşənbə Axşamı 18:52
Şirkətin hər il Ramazan ayında açdığı iftar süfrələri ləğv edilib, müvafiq maliyyə vəsaiti Qızıl Aypara cəmiyyətinin hesabına köçürülüb
Türkiyənin “Petkim” şirkətinin rəhbərliyi və kollektivi növbəti sosial layihəyə imza ataraq 40 milyon insanın daimi aclıq təhlükəsi ilə üzləşdiyi Afrikaya yardım əlini uzatmağa qərar verib. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şirkətin hər il Ramazan ayında açdığı iftar süfrələri ləğv edilib, bu il iftara xərclənməsi nəzərdə tutulmuş maliyyə vəsaiti Qızıl Aypara cəmiyyətinin hesabına köçürülüb.

“SOCAR-TURCAS” birgə müəssisəsinin direktoru və “Petkim”in İdarə Heyətinin sədri Kənan Yavuz həyata keçirilən layihə haqqında bildirib ki, Somali başda olmaqla Efiopiya, Keniya, Tanzanya, Uqanda, Burundi kimi ölkələrdə yoxsulluq səviyyəsinin yüksək olması belə bir işi reallaşdırmağa təkan verib. Bu səbəbdən də şirkət Türkiyənin Dini İşlər üzrə Qurumunun “Hər evdən bir fitrə, bir iftar Afrikaya” layihəsini də dəstəkləməyə başlayıb.

K.Yavuz digər şirkətləri də belə bir kampaniyaya dəstək verməyə çağırıb. Avqustun 5-də başlanmış aksiya şirkətdə 2 həftə könüllülük prinsipi əsasında davam edəcək. Bu müddət ərzində toplanacaq pul vəsaiti Dini işlər üzrə quruma təhvil veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar