Pərviz Müşərrəf ölümlə hədələndiyi ölkəyə qayıdır
24 Mart 2013 Bazar 13:34
Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf 4 ildən çoxdur yaşadığı BƏƏ-dən vətənə gəlir.
Pakistanın Kəraçi şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. Buna səbəb 4 ildən çoxdur xaricdə yaşayan sabiq prezident Pərviz Müşərrəfin ölkəyə qayıtmasıdır. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Kəraçiyə gələcəyi gözlənilən Pərviz Müşərrəfin vətənə qayıdışı parlament seçkiləri ərəfəsinə təsadüf edir. Pakistanın keçmiş prezidenti bir neçə ildir siyasi təcridolunmadan sonra vətənindəki nüfuzunu bərpa etməyə çalışır.

Sabiq general Pərviz Müşərrəf hakimiyyətdən devrildikdən sonra ölkə iqtisadiyyatı tənəzzülə uğrayıb, keçmiş "Əl-Qaidə" lideri Usama Bin Ladenin öldürülməsindən sonra ABŞ-la münasibətlər gərginləşib. Qeyd edək ki, Pərviz Müşərrəf Pakistanda islamçı qüvvələr tərəfindən düşmən kimi qarşılanır və buna səbəb kimi 11 sentyabr hadisələrindən sonra Pakistanın terrorla mübarizədə ABŞ-la yanaşı addımlamağa qərar verməsi göstərilir. Artıq "Taliban" hərəkatı Pərviz Müşərrəfin Pakistana qayıdacağı təqdirdə öldürüləcəyi ilə hədələyib.

Qeyd edək ki, Pakistanda Pərviz Müşərrəfə qarşı sabiq baş nazir Bənazir Bhuttonun qətli ilə əlaqədar açılmış cinayət işləri də hələ bağlanmayıb. Lakin ötən həftə Pakistan məhkəməsi Müşərrəfin ölkəyə ayaq basacağı təqdirdə dərhal həbs olunması şərtini aradan qaldırıb. Ölkəyə qayıtdığı andan etibarən Pərviz Müşərrəfin məhkəməyə getməsi üçün 10 gün vaxtı var. Sabiq prezident özü isə 2007-ci ildə Bənazir Bhuttonun öldürülməsindən adının hallandırılmasını əsassız adlandırıb.

Bu arada, Pakistanın Mərkəzi Seçki Komissiyası sabiq baş hakim Mirxəzər Xan Xosonu ölkənin müvəqqəti baş naziri təyin edib. MSK-nın sədri Faxruddin İbrahimin sözlərinə görə, Mirxəzər Xoso mayın 11-də keçiriləcək parlament seçkilərinə kimi baş nazir vəzifəsini müvəqqəti olaraq icra edəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar