Peruda bir gündə üç avtobus qəzası olub
29 Dekabr 2009 Çərşənbə Axşamı 06:15
İki avtobus dərəyə düşüb, digər şəhərlərarası avtobus isə yük maşınına çırpılıb
Peruda bir gün ərzində baş vermiş üç avtobus qəzasında azı 31 nəfər ölüb, 72 adam xəsarət alıb.

Ən çox itki ilə müşayiət olunan qəza Puno bölgəsindəki San-Xuan-de-Loro yaşayış məntəqəsi yaxınlığında baş verib. “Perla del Sur” şirkətinə məxsus şəhərlərarası avtobus 200 metr dərinliyində olan və çay keçən uçuruma düşüb. Avtobusda 70 sərnişin olub. Çaydan 18 nəfərin, o cümlədən, 3 uşağın meyiti tapılıb. 30 nəfər isə xəstəxanaya aparılıb. İlkin məlumatlara görə, qəzaya avtobusdakı nasazlıq səbəb olub.

Kotonqa mədəninin işçilərini daşıyan avtobus isə 130 metrlik dərəyə düşüb. Nəticədə 2 mədən işçisi ölüb, 30 nəfər isə xəsarət alıb. Hadisə yerindən qaçan sürücü axtarışdadır.

“Soyuz” şirkətinə məxsus şəhərlərarası avtobus isə yüksək sürətlə qarşıdan gələn və mineral gübrə daşıyan yük maşınına çırpılıb. Bu qəzada 11 nəfər ölüb, 20 yaralı var.

Rəsmi məlumatlara görə, hər il Perudakı yol qəzalarında 3500-dən artıq adam ölür, daha 50 min nəfər isə xəsarət alır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar