Pentaqonun büdcəsi "əriyəcək"
07 Yanvar 2011 Cümə 16:55
Qurum bürokratiya hallarının qarşısını almaq istəyir
Pentaqon hərbi büdcəni 778 milyard dollar azaltmağı planlaşdırır. “Reuters”in məlumatına görə, bu barədə ötən gün Pentaqon rəhbəri Robert Geyts jurnalistlərə açıqlama verib. Bu məqsədlə ABŞ Müdafiə Nazirliyi inzibati xərclər, eləcə də qurumun bərpa işlərinə çəkiləcək xərcləri azaltmaq niyyətindədir.
Geyts eyni zamanda bildirib ki, qurumun sistemində 100 general vəzifəsi və 200 mülki vəzifə ləğv ediləcək. Onun sözlərinə görə, bu islahatlar nazirliyin işində bürokratiya hallarının qarşısının almağa imkan verəcək. Bundan başqa, islahatlar özünü doğrultmuş bir sıra müdafiə proqramlarına da şamil ediləcək.
Pentaqonun xərclərinin ixtisar edilməsi prosesi 5 il müddətində mərhələli şəkildə həyata keçiriləcək. Lakin bununla belə yaxın illərdə ABŞ hərbi büdcəsini artmaqda davam edəcək. Belə ki, 2012-ci ildə hərbi büdcə 553 milyard dollar həcmində planşlaşdırılıb. Bu isə əvvəlkilərdən 3 faiz yüksək göstərici hesab edilir.
Qeyd edək ki, ABŞ Konqresi hələlik Pentaqonun təklif etdiyi iqtisadi tədbirlərlə bağlı heç bir qərar qəbul etməyib.
DOSTLARINLA PAYLAŞ: