Paruyr Ayrikyan seçkilərin təxirə salınması xahişi ilə müraciət edəcək
02 Fevral 2013 Şənbə 01:18
Paruyr Ayrikyan: Uzun illərdir məni təqib edən Rusiyanın məxfi xidmətlərindən şübhələnirəm.
Ermənistan prezidentliyinə namizəd, ötən gecə güllələnən Milli Müqəddərat İttifaqının sədri Paruyr Ayrikyan Kosntitusiya Məhkəsinə fevralın 18-inə təyin edilmiş prezident seçkilərinin ən azı 15 gün müddətinə təxirə salınması xahişi ilə müraciət etmək niyyətindədir. ANS PRESS-in News.am-a istinadən verdiyi məlumata görə, bunu prezidentliyə namizədin özü bildirib. Onun sözlərinə görə, qanunla iki variant mümkündür - seçkilərin 15 və ya 40 günlüyə təxirə salınması. Namizəd daha çox seçkilərin15 gün təxirə salınmasına meyllidir.
Paruyr Ayrikyan sui-qəsdin təşkili ilə bağlı şübhələrini də dilə gətirib: “Uzun illərdir məni təqib edən xarici ölkənin, dözümsüz Rusiyanın gizli xidmətlərindən şübhələnirəm. Bu, onların dəst-xəttidir. Mənim Avropaya doğru irəliləməli olduğumuzu bəyan etməyib bəzilərini narahat edib və güman edirəm ki, sui-qəsd bununla bağlıdır. Mənim şəxsi düşmənlərim yoxdur”.
Prezidentliyə namizəd atəş açanı gördüyünü də deyib. Onun sözlərinə görə, həmin adamı bir də görsə, tanıyar: “Mən saniyənin içərisində qərar qəbul etməliydim. Gördüm ki, əlini sinəmə doğru tuşlayır, əlimlə ona mane oldum. Bu zaman atəş açıldı. Boksdakı kimi nokauta düşdüm. Amma anladım ki, dayanmalı deyiləm. O, başıma doğru daha bir atəş açmaq istədi. Birinci atəşdən sonra mən bərkdən qışqırdım və qonşular çıxdılar. O, ikinci dəfə atəş açsa da, güllə dərimin altından keçdi, ciddi bir şey olmadı”. Paruyr Ayrikyanın sözlərinə görə, qonşular səs çıxdığından cinayətkar qaçmalı olub.
Paruyr Ayrikyan bəyan edib ki, sui-qəsd onun özünə yox, seçki proqramına qarşı yönəlib.
Prezidentliyə namizəd onu da deyib ki, seçkilərin təxirə salınması ilə bağlı arzusunu Ermənistan prezidenti Serj Sarkisyana da çatdırıb.
DOSTLARINLA PAYLAŞ: