Pakistanda yeni sel dalğası istiqamət götürüb
16 Avqust 2010 Bazar Ertəsi 10:50
Pakistanda daha bir neçə şəhər və kənd su altında qalıb.
Pakistanda yenidən baş verən sel və daşqınlar nəticəsində daha bir neçə şəhər və kənd su altında qalıb. Yeni sel dalğası İndus çayı boyu axaraq Pakistanın cənubunda yerləşən Sindx əyalətinə doğru istiqamət alıb.

Pakistanın Cakobad şəhərində hərbi vertalyotlar suların səviyyəsinin qalxması nəticəsində kiçik quru ərazilərdə qalan insanların xilas edilməsində çalışıb.Yerli sakinlərin sözlərinə görə, əhali suyun səviyyəsinin qalxmasından öncə yaşayış evlərini tərk edərək başqa ərazilərə köçüb. Cakobad şəhərinə gedən bütün yollar su altında qalıb. Qərbi Pəncab əyalətində isə ordu hissələri Patan Qar kəndi sakinlərini sel təhlükəsindən xilas etmək üçün qayıqlardan istifadə etməyə başlayıb. Hərbiçilər insanların ərzaq təminatını müəyyən qədər ödmək üçün onlara kiçik yemək bağlamaları paylayıb. Yerli və beynəlxalq xeyriyyə təşkilatları yüzminlərlə insana yemək, su, çadır və tibbi ləvazimatlar paylamaqla kömək edib. Lakin təbii fəlakətin miqyası o qədər böyükdür ki, bir çox insanlar az, bəziləri isə demək olar ki, kömək ala bilməyib.

BMT-nin məlumatına görə, xilas edilən insanlar arasında qarın ağrısı xəstəliyi halları geniş yayılmağa başlayıb. Seldən sonra daha geniş vüsətlə yayıla bilən xoleriya xəstəliyinin ilkin simptolmları da artıq şimal-qərbi ərazilərdə özünü göstərib. Baş nazir Yusif Rza Gilaninin sözlərinə görə, hazırda 20 milyon insan evsiz qalıb. İnsanların öz evlərinə qayıtması ancaq suların çəkilməsindən sonra mümkün olacaq.

Bu ərəfədə BMT baş katibi Pan Gi Mun da Pakistana səfər edərək, sel və daşqınlardan əziyyət çəkən ərazilərdə dövlət rəsmiləri ilə görüşüb.

Qeyd edək ki, gələcək aylarda ərzaq qıtlığı və infilyasiya nəticəsində Pakistanda hökumətə qarşı etiraz aksiyaları və üsyanların ola biləcəyi ilə bağlı məlumat yayılıb. Beynəlxalq Maliyyə Fondu xarici yardımlar sahəsində iqtisadi durumun müəyyən qədər stabil saxlamağa çalışan Pakistan üçün dəhşətli iqtisadi aqibət gözləməsilə bağlı məlumat yayıb.

Beynəlxalq təşkilatlar Pakistana xilas etmə üçün 460 milyon dollar ayrılmasını istəsə də, bu vəsaitin hələlik 20 faizi təmin edilib. ABŞ isə 70 milyon dollar maliyyə yardımı ayırmaqla Pakistana ən çox yardımı ayıran dövlət olub. Bundan başqa Birləşmiş Ştatlar helikopterləri Pakistanda insanların sel fəlakəti baş verən ərazilərdən xilas edilməsi, zərər çəkənlərə su və ərzaq paylanması işlərində də iştirak ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar