Pakistanda etiraz aksiyası keçirilib
17 Mart 2011 Cümə Axşamı 12:50
Amerika vətəndaşının azadlığa buraxılması bu etirazlara əsas verib.
Pakistanda iki ölkə vətəndaşının ölümündə ittiham edilən ABŞ mərkəzi kəşfiyyat idarəsinin podratçısı Reymond Allen Deyvisin azadlığa buraxılması etirazlara səbəb olub. Pakistanın Lahor şəhərində Amerika Birləşmiş Ştatların konsulluğunun binası qarşısına toplaşan etirazçılar anti-Amerika və anti-Deyvis şüarları səsləndirib, avtomobil şinləri yandırıblar.

Qeyd edək ki, öldürülən iki Pakistan vətəndaşının ailələrinə Amerika Birləşmiş Ştatları tərəfindən 2.34 milyon dollar verməsindən sonra Reymond Allen Deyvis azadlığa buraxılıb.

Reymond Allen Deyvisin azadlığa buraxılması ilə Vaşinqton və İslamabad arasında əlaqələrin gərginləşməsinə səbəb olan mübahisənin həll olunacağı ehtimal edilir.

Pakistan tərəfinin Deyvisin bu ölkə ərazisində işləməsindən xəbərsiz olması barədə bəyənatı Mərkəzi Kəşfiyyat İdarəsi ilə Pakistanın Daxili Kəşfiyyat Xidmətləri İdarəsi arasında gərginliyin artmasına əsas vermişdi.

Deyvisin törətdiyi qətl və onun həbsi isə Pakistanda mövcud olan anti-Amerika mühitini bir qədər də qızışdırıb. Amerika Birləşmiş Ştatları özünü müdafiə məqsədilə qətli törədən Deyvisin diplomatik toxunulmazlığı olduğunu israr etsə də, Pakistan hökuməti bu məsələdə bu müdafiəni qəbul etməyən islamçı partiyalar, mətbuat nümayəndələri və ümumilikdə ictimaiyyətin gərgin təzyiqləri ilə üzləşib.

Qurbanların ailələrinə pul təzminatı isə mübahisəyə son qoyulmasının ən yaxşı yolu hesab edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar