166 nəfərin həyatına son qoyan və 200 nəfərin yaralanmasına gətirib çıxaran Mumbay hücumlarında şübhəli bilinən 5 nəfərin məhkəməsi gələn həftə başlayacaq. Pakistanın daxili işlər naziri Rehman Malikinin verdiyi məlumata görə, məhkəmə prosesinin başlaması rəsmi İslamabadın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə bariz sübutdur.
Qeyd edək ki, rəsmi Dehli hücumların təşkil edilməsində Pakistanda təlim keçmiş silahlıları təqsirləndirir və Pakistanı Mumbay hadisəsinin təşkilatçılarını tapıb, tezliklə məsuliyyətə cəlb etməkdə tələsməyə çağırıb. Birləşmiş Ştatlar və qərb dövlətləri də ötən ilin noyabrın 26-28-də Hindistanın maliyyə mərkəzi olan Mumbaya hücum edənlərin tapılmasında Pakistanın göstərdiyi səyləri yaxından izləyir.
Qeyd edək ki, Hindistan İslamabaddan şübhəli bilinənlərin onlara təhvil verilməsini tələb edib. Pakistan isə bu tələbi rədd edərək təqsirləndirilənlərin ölkədə cəzalandırılacağını bildirib.