Özbəkistanda qətlə yetirilən Axıska türkləri anılıb
05 İyun 2009 Cümə 21:00
Fərqanə vadisində baş verən qanlı hadisələrdən 20 il keçir

Birlikdə yaşadıqları özbəklər tərəfindən 20 il əvvəl qətlə yetirilən axıska türklərinin xatirəsi Özbəkistanda anılıb. «Fərqanə hadisələri» kimi xatırlanan qanlı hadisələr sovet dövründə yaşandığından, o günlərdə dünya çox xəbərdar ola bilməmişdi. Bu gün isə müzakirələr davam edir.

Qırğızıstan Axıska türkləri dərnəyi başçısı Murafaddin Sakimov, Fərqanə vadisində 20 il əvvəl meydana gələn hadisələri böyük ağrı ilə xatırladıqlarını bildirib. Sakimov Fərqanə hadisələrindən sonra 1-5 İyun 1989-cu il tarixlərində təxminən 100 min Axıska türkünün Özbəkistandan qonşu ölkələrə və Rusiyanın Krasnodar bölgəsi ilə Ukraynaya köçmək məcburiyyətində qaldığını söyləyib.

45 ildir birlikdə yaşadıqları özbəklərin qırğınına uğrayan Axıskalı türklərin, hadisələrin SSRİ dövründə olması və sərhədlərin bağlı olması üzündən sahibsiz qaldığını deyən Sakimov Orta Asiyada yaşayan axiskalıların bu yarasının hələ sağalmadığını vurğulayıb.

O, özbək torpaqlarından qırğız torpaqlarına 15 min Axıskalı türkün sığındığını, bunların böyük hissəsinin Rusiyanın Krasnodar şəhərinə və Ukraynaya, oradan da ABŞ-a köç etdiyini xatırladıb. O zaman axıskalıların böyük hissəsi də qonşu Qazaxıstana, Qırğızıstana və Azərbaycana qaçmaq məcburiyyətində qalmışdı.

Axıska türkləri 14 Noyabr 1944-cü ildə Stalin tərəfindən bu günki Gürcüstanın Axıska vilayətindən sürgün edilmişdi. Dünyada 600 minə yaxın Axıska türkü yaşayır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar