Özbəkistan prezidentinin qızının paltar kolleksiyası ABŞ-da nümayiş olundu
16 Sentyabr 2011 Cümə 04:01
Gülnarə Kərimovanın tədbirinə qarşı etiraz aksiyası da keçirilib
Nyu-Yorkda Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın paltar kolleksiyası nümayiş etdirilib. Amerikalı hüquq müdafiəçilərinin etirazlarına baxmayaraq, moda nümayişi baş tutub.

Əvvəlcə paltar kolleksiyasının Nyu-Yorkdakı “Moda həftəsi” (Fashion Week) çərçviəsində nümayişi nəzərdə tutulsa da, hüquq müdafiəçiləri paltar istehsalında uşaq əməyindən istifadə olunduğunu iddia etmişdilər. Etirazlardan sonra paltarların nümayişi təxirə salındı.

Bununla belə, Gülnarə Kərimovanın “Quli” ticarət markası “Moda həftə”sindən çıxarılsa da, nümayişin sentyabrın 15-də keçirilməsi qərara alınıb. Moda nümayişi Manhetten küçəsindəki prestijli restoranlardan birində keçirilib. Tədbirdə 300-ə yaxın adam iştirak edib. Onların arasında moda industriyasının nümayəndələri, tənqidçilər, eləcə də, Nyu-Yorkda yaşayan və əslən keçmiş SSRİ respublikalarından olanlar iştirak ediblər. Gülnarə Kərimovanın özü moda nümayişinə qatılmayıb.

Tədbirlə eyni vaxtda restoranın qarşısında 20-yə yaxın adam etiraz aksiyası keçirib və moda nümayişinin dayandırılmasını tələb edib. “Human Rights Watch” hüquq müdafiəsi təşkilatının iddiasına görə, Gülnarə Kərimovanın kolleksiyasının hazırlanmasında uşaq əməyindən istifadə edilir. Təşkilat bəyan edib ki, Özbəkistanda pambıq yığımında məktəblilər və tələbələr iştirak edirlər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar