Orta yaşlı amerikalıların hər beş nəfərdən biri planşetə malikdir
25 Yanvar 2012 Çərşənbə 15:01
Planşet və rider qurğular daha çox 30-49 yaşlı insanlar arasında populyardır.
Ötən ilin bayramqabağı satış mövsümündə ABŞ-da planşet kompüterlər və elektron kitabların oxunması üçün qurğular ən çox alınan cihaz növləri sırasında yer alıb.
Pew Internet & American Life Project sorğusuna əsasən, dekabrın ortalarında Birləşmiş Ştatlarda həddi-buluğa çatmış şəxslərin təxminən 10 faizi planşetə malik olub. Lakin artıq yanvarın ilk günlərində bu göstərici 19 faiz təşkil edib. Bu isə o deməkdir ki, bir aydan da az müddət ərzində ABŞ-da planşet kompüter sahiblərinin sayı təxminən iki dəfə artıb.
Oxşar vəziyyət oxumaq üçün qurğular seqmentində də müşahidə edilməkdədir. Belə ki, bu növ cihaz sahiblərinin sayı da 10 faizdən 19 faizədək artıb.
Planşet və rider qurğular daha çox 30-49 yaşlı insanlar arasında populyardır. 18-29 yaş kateqoriyasına malik amerikalılar da tez-tez bu qurğulardan istifadə edirlər.
İlkin qiymətləndirmələrə görə, 2011-ci ildə bütün dünyada 50-60 milyon planşet kompüter satılıb. 17,6 milyon qurğunun satıldığı 2010-cu ilə nisbətdə artım 250 faizdən çox olub. Gartner analitiklərinin fikrincə, cari ildə planşet satışları 100 milyon ədədi ötəcək, eləcə də bunun təxminən 5 milyon ədədini artıq belə qurğuya malik insanlar alacaq.
DOSTLARINLA PAYLAŞ: