OPEK neft hasilatını azaltmadı
16 Mart 2009 Bazar Ertəsi 11:30
Neft ixrac edən ölkələr birliyi neftin qiymətini qaldırmaq üçün hər bir ölkənin müəyyən olunmuş kvotaya sadiq qalması barədə qərar çıxarıb

Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam etsə, neft ixrac edən ölkələr birliyi - OPEK sutkalıq neft hasilatının həcmini azaldacaq. Amma martın 15-də Vyanada keçirilən OPEK-in 152-ci konfransında qurum üzvləri hasilatı indiki səviyyədə saxlamağa qərar verib. OPEK nazirləri neftin qiymətini qaldırmaq üçün qara qızılın istehsalını azaltmaq deyil, hər bir ölkə üçün müəyyən olunmuş kvotaya sadiq qalması barədə qərar çıxarıblar. Qərar Amerika Birləşmiş Ştatları və digər iri neft idxaçısı olan dövlətlər tərəfindən müsbət qarşılanıb. Onların fikrincə, neft istehsalı aşağı salınsaydı, o halda xam neftin qiyməti artacaqdı, bu isə onsuz da pis vəziyyətdə olan dünya iqtisadiyyatına mənfi təsir göstərəcəkdi.
Qeyd edək ki, ötən ilin yayındakı rekord qiymətlərlə müqayisədə bu il qara qızılın 30 dollara satılması dünya iqtisadiyyatında görünməmiş hal kimi qiymətləndirilir. Bəzi qurum üzvləri neft hasilatının birbaşa olaraq azaldılması təklifi ilə çıxış edib. Lakin Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox dövlətlər qiymətlərin qəflətən artması prosesi olmadan, dünya neft istehsalını azaltmaq üçün həddindən artıq neft istehsal edən ölkələri öz kvotalarına riayət etməyə çağırıb. Kvotaya malik olan 11 ölkə isə indi demək olar ki, gündəlik istehsal üçün nəzərdə tutulmuş limitləri pozurlar. Bu isə ümumi kvotadan 21 faiz çox neftin istehsal olunması deməkdir.
OPEK-in iclasından sonra təşkilatın sözçüsü Ömər İbrahim konfransın nəticələrinə dair brifinq keçirib. O bildirib ki, qeyri-OPEK təminatı 2009-cu ildə 0,4 milyon barrel artaraq gün ərzində 50,7 milyona çatacaq. Bunun nəticəsində OPEK ölkələrinin neft istehsalı 2008-ci il göstəricisindən 1,8 milyon az- 29,1 milyona düşəcək.
Konfransda iştirak edən Rusiya tərəfi də bildirib ki, o, OPEK-ə daimi müşahidəçi göndərmək və neft istehsalını azaltmaq istəyir. OPEK üzvü olmayan və iri neft istehsalçısı olan Rusiya ilə dünya neft istehsalının 1/3 sahibi olan OPEK arasında imzalanan bir çox əməkdaşlıq müqavilələrinin dünyada neft istehsalına və qiymətlərə müsbət təsir göstərəcəyi güman edilir.
Dünyanın aparıcı neft istehsalçısı olan ölkələrin nümayəndələri növbəti dəfə neft bazarındakı vəziyyəti mayın 28-də müzakirə edəcəklər./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar