Ombudsman Qırımızı Xaç Komitəsinə müraciət edib
06 İyul 2010 Çərşənbə Axşamı 20:05
Qurum prezidentindən Mübariz İbrahimovun meyitinin Azərbaycan tərəfinə qaytarılması məsələsində yardım istənilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova iyunun 18-dən 19-na keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mübariz Ağakərim oğlu İbrahimovun Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən erməni hərbçiləri tərəfindən qətlə yetirilməsi, lakin onun cəsədinin bu günədək Azərbaycan tərəfinə qaytarılmaması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerə məktubla müraciət edib.

Elmira Süleymanova müraciətində bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində minlərlə Azərbaycan vətəndaşı əsir və girov götürülüb, itkin düşüb ki, onların əksəriyyətinin yeri hələ də məlum deyil: “Bütün bunlar beynəlxalq humanitar hüquq normalarının, o cümlədən beynəlxalq humanitar hüququn bir hissəsi olan Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyalarının pozulmasıdır. 1994-cü ildən atəşkəs haqqında razılıq əldə olunmasına baxmayaraq, Ermənistan tərəfi mütəmadi olaraq atəşkəs rejimini pozur, bu da öz növbəsində Azərbaycan tərəfindən insan itkiləri ilə nəticələnir. Belə hallar ATƏT nümayəndələrinin keçirdikləri monitorinq zamanı da müşahidə olunub. Bundan başqa, atəşkəs rejimi dövründə Ermənistan tərəfindən cəbhə xətti boyunca yaşayan dinc sakinlərin girov götürülməsi, onların sayının gizlədilməsi, azərbaycanlı mülki əhaliyə maddi ziyan vurulması (atəşə tutma, yaşayış binalarının, kənd təsərrüfatı texnikalarının dağıdılması və s.) kimi pozuntulara yol verilir. Son dövrlər isə cəbhə xəttində erməni hərbçiləri tərəfindən qətlə yetirilən Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının cəsədlərinin vaxtında verilməməsi cəmiyyətdə böyük narazılıq və narahatlıq doğurur”.

Elmira Süleymanova müraciətində qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mübariz Ağakərim oğlu İbrahimov cəbhənin Tərtər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən qətlə yetirilib, lakin hələ də onun cəsədi Azərbaycan tərəfinə verilməyib. Bu isə onun ailə üzvlərinin ağır psixoloji sarsıntıya məruz qalmasına səbəb olub: “Mandatınız çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mübariz İbrahimovun cəsədinin mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmağınızı Sizdən xahiş edirəm”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar