Ölümdən xilas olanlar oğurluq hayındadı
01 Mart 2010 Bazar Ertəsi 21:40
Çilinin bir şəhərində komendant saatı elan olunub
Çilidə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması davam edir. Zəlzələ qurbanlarının sayı isə 700-ü keçib. Yüzlərlə insan hələ də itkin düşmüş sayıldığından ölənlərin sayının artacağı istisna edilmir. Ümumilikdə təbii fəlakət nəticəsində iki milyonadək insan zərər çəkib,1.5 milyona yaxın ev tam və ya qismən dağılıb. Çilinin altı regionu təbii fəlakət zonası elan edilib.

Martın 11-də səlahiyyətlərinin icrasını başa vuracaq hazırkı prezident Mişel Baçelet zəlzələdən sonra başlayan qarətlərin geniş vüsət almaması üçün Konsepsyon şəhərində komendant saatı tətbiq edib. Asayişin qorunması üçün şəhərə əlavə əsgərlər göndərilib. Polis və hərbçilər isə qarət hallarının qarşısını almaq üçün küçələrdə dağılmış mağazalardan ərzaqla yanaşı, məişət avadanlıqları da oğurlayan sakinlərə qarşı gözyaşardıcı qazdan istifadə etməli olub. Polislə mağazaları qarət edən yerli sakinlər arasında toqquşmalar qeydə alınıb. Xəsarət alanların olduğu bildirilir.

Güclü zəlzələnin səbəb olduğu sunami isə ölkənin cənubunda sahilyanı ərazilərdə ciddi dağıntılara səbəb olub. Çilinin 11 şəhərinin sahillərində sunami qeydə alınıb. Paytaxt Santyaqodan 120 kilometr qərbdəki Lolleo şəhərində isə sunami ən ciddi dağıntılarla nəticələnib. Bu arada Yaponiya Çiliyə fövqəladə tibbi yardım komandası göndərdiyini bəyan edib. Avropa Birliyi isə Çiliyə təcili yardım qismində üç milyon avro ayırmağa hazır olduğunu bəyan edib. Latın Amerikası ölkələrinə səfər edən Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Çilinin paytaxtı Santyaqoya da gələcəyi gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar