Okeanın o tayından sərt mesaj
04 Avqust 2011 Cümə Axşamı 22:01
Politoloq: "Əgər xalq tanklar altına salınırsa, onlar geri çəkilməyəcək".
Amerika Birləşmiş Ştatları Suriya prezidenti Bəşər Əsədə sərt mesaj göndərib. Rəsmi Vaşinqtonun göndərdiyi xəbərdə Bəşər Əsəddən hakimyyəti buraxmaq istənilib. Suriyadan isə ancaq ölüm xəbərləri gəlir. Xüsusi vurğulayaq ki, Bəşər Əsəd hakimiyyəti ölkəyə xarici mətbuatı buraxmadığından məlumatların həqiqiliyini təsdiqləmək qeyri-mümkündür.

Suriyanın Hama şəhərində hərbçilərlə nümayişçilər arasında toqquşmalar davam edir. Bu gecə nümayişlərinin yatırılması zamanı 6 nəfər öldürülüb. Bununla da Hamada ölənlərin sayı 100 nəfəri keçib. Əməliyyatlar nəticəsində şəhər ətraf aləmdən təcrid olunub. Rabitə xətləri kəsilib, nəqliyyatın hərəkəti dayandırılıb.

BMT-nin Təhlükəsizlik Şurası Suriya hökuməti tərəfindən insan haqlarının pozulması və dinc əhaliyə qarşı güc tətbiqini pisləyib. Şura üzvləri tərəfindən qəbul olunmuş bəyanatda bütün zorakı hərəkətlərin dərhal dayandırılması tələb edilir. Bundan başqa, BMT Təhlükəsizlik Şurası tərəfləri olduqca səbrli olmağa və təzyiqlərdən uzaq durmağa çağırıb. BMT-nin baş katibi Pan Gi Mun da bəyanatın beynəlxalq ictimaiyyətin rəyinki tam əks etdirdiyini bildirib.

BMT-dən sonra ABŞ da Suriyada cərəyan edən hadisələrə sərt reaksiya verib. Ağ evin mətbuat katibi Cey Karni Suriyada qeyri-sabitliyin əsas səbəbinin prezident Bəşər Əsəd olduğunu deyib. O həmçinin bildirib ki, Birləşmiş Ştatlar Bəşər Əsədin ölkədə qan tökməyi dayandırması üçün yeni tədbirləri nəzərdən keçirir.

Bütün bunları nəzərə alan politoloqlar hesab edir ki, Suriyada vəziyyət bundan sonra daha da gərginləşəcək. Politoloq Ərəstun Oruclu deyir ki, Suriyada vəziyyət daha qanlıdır: “Torpaqları işğal altında olan hökumət xalqına qarşı təzyiqləri artırır. Güman edirəm ki, bu, yaxın aylarda nəticəsini verəcək. Əgər xalq tanklar altına salınırsa, onlar geri çəkilməyəcək”.

Ölkə rəhbərliyi isə vəziyyəti güc yolu ilə yanaşı islahatlar aparmaqla da sabitləşdirmək istəyir. Prezident Bəşər Əsəd ölkədə çoxpartiyalı siyasi sisteminin yaradılması barədə qanunu təsdiqləyib. Sənədə əsasən, yeni partiyalar demokratiya və Suriyanın ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşmalıdır. Yeni qanun milli, dini, regional ayrıseçkiliyə əsaslanan siyasi təşkilatların fəaliyyətini isə qadağan edir. Ekspertlər hesab edir ki, yeni qanun hakim Ərəb Sosialist Partiyasının hökmranlığına son qoyacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar