Oğurluq müsabiqəsi
25 Mart 2010 Cümə Axşamı 22:05
İki haker 20 saniyədə "iPhone"un SMS bazasını oğurlayıb.
Vankuverdə keçirilən “CanSecWest 2010” konfransı çərçivəsində təşkil olunan “Pwn2Own” müsabiqəsində iki haker “iPhone” mobil telefonunun proqram təminatını sındırmağa müvəffəq olub. Müsabiqə iştirakçılarının qarşısına ən qısa zamanda “iPhone”un SMS bazasını oğurlamaq tapşırığı qoyulub. İki haker ən son model hesab olunan mobil aparatı 20 saniyədə sındıra bilib. Mükafat olaraq hakerlərə 15 min dollar pul və proqram təminatını sındırdıqları “iPhone” hədiyyə edilib.

Vinsenzo İozzo və Ralf-Filip Veynman adlı hakerlərdən biri Lüksemburq Universitetinin, digəri isə “Zymanics” şirkətinin əməkdaşlarıdır. İki həftə müddətində “iPhone”un istifadə etdiyi təhlükəsizlik tezliyində qurğu hazırlayan hakerlər mobil aparatı öz saytlarına yönəldərək 20 saniyədə telefonun yaddaşındakı SMS-ləri köçürməyə müvəffəq olublar. Veynmanın sözlərinə görə, onlar SMS-lə yanaşı telefonun yaddaşındakı nömrələri də götürə bilərdilər.

Müsabiqə çərçivəsində həmçinin “Internet Explorer 8”, “Safari” və “Firefox” brauzerləri də hakerlər tərəfindən sındırılıb. Brauzerlərin sındırılmasına görə isə 10 min dollar dəyərində mükafatlar təqdim edilib. Ənənəvi “Pwn2Own” müsabiqəsi kompyuterləri kənar müdaxilələrdən qormaq üçün avadanlıq istehsal edən “TippingPoint” şirkəti tərəfindən keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar