Oğluna inansaydı milyonçu olacaqdı .
17 Noyabr 2012 Şənbə 16:29
Almaniyada “Milyonçu” intelektual verilişdə çox maraqlı anlar yaşanıb
Almaniyanın RTL televiziya kanalında yayımlanan “Milyonçu” intelektual layihəsində iştirak edən yaşlı qadın oğluna inansaydı, 1 milyon avronun sahibi olacaqdı. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, noyabrın 16-da Günter Jauçun apardığı “Milyonçu” (“Wer wird Millionaer”) intelektual verilişdə çox maraqlı anlar yaşanıb.



Verilişin iştirakçısı olan fermer qadın Anke Beker 10 suala cavab verərək itirilməyən məbləği qazana bilib. İtirilməyən məbləği qazandıqdan sonra, qadın qalan sualların hamısına yalnız təxmini cavab verməyə başlayıb. Beləliklə də, 14 sualın cavabını doğru təxmin edən Anke Beker 500 min avronu qazandıqdan sonra, sonuncu 1 milyonluq suala keçib.

Anke Beker sonuncu sualın cavabını təxmini bildiyini desə də, “Dosta zəng” köməyindən istifadə edərək oğluna zəng vurub. Lakin qadının 23 yaşlı oğlu Georgi anası ilə həmfikir olmayıb. O, sualın cavabının başqa variant olduğunu deyib. Qadın isə oğluna güvənməyərək, öz təxmin etdiyi cavabı seçib.



Lakin sonradan məlum olub ki, sualın doğru cavabı Georginin dediyi variant idi. Beləliklə də, qadın 1 milyon avronu qazana bilməyib.

Yarışmanın sonunda Anke Beker ən yüksək məbləği qazanmasa da, xoşbəxt olduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar