Öcalan martın 21-də kürdlərə müraciət edəcək
19 Mart 2013 Çərşənbə Axşamı 08:43
Terrorçu lider hədəflərinin Türkiyənin demokratikləşməsi olduğunu deyib.
Türkiyənin İmralı adasında ömürlük həbsə məhkum olunan PKK terror təşkilatının lideri Abdullah Öcalan martın 21-də kürdlərə müraciət edəcək. Bu barədə məlumatı PKK-nın siyasi cinahı BDP-nin (Sülh və Demokratiya Partiyası) həmsədri Səlahəddin Demirtaş verib.
Qeyd edək ki, ötən gün BDP-dən oln bir qrup heyət terrorçu liderlə görüşmək üçün İmralı adasında olub. Yerli mətbuatın məlumatına görə, heyətin tərkibində BDP-nin həmsədri Səlahəddin Demirtaş, BDP qrup rəhbəri Pervin Buldan və BDP İstanbul millət vəkili Sırrı Süreyya Önder olub.
Yerli vaxtla saat 16.20-də İmralıdan İstanbula qayıdan heyət adına S. Demirtaş jurnalistlərə görüşün detalları barədə açıqlama verib. Türkiyə ictimaiyyətinə və jurnalistlərə Öclanın salam və hörmətlərini çatdıran Demirtaş PKK liderinə aid müraciəti oxuyaraq onun “İmralı sülh danışıqları”nı müsbət qarşıladığını deyib.
“Hədəfimiz Türkiyənin demokratikləşməsidir və bunun üçün səylərimiz davam edir. Bu məqsədə dəstək çərçivəsində 21 mart novruz bayramı ərəfəsində edəcəyim müraciət üçün hazırlıqlara davam edirəm. Hazırlayacağım bəyanat tarixi bir müraciət olacaq. Müraciətimiz sülh prosesinin hərbi və siyasi həlli yolunda qane edici məlumatlar ehtiva edəcək. Silah məsələsini sürətlə və vaxt itirmədən, bir nəfər belə ölmədən həll etmək istəyirəm. Hesab edirəm ki, bütün bunların həyata keçirilməsi üçün ali bir iradəni təmsil edən parlamentin və siyasi partiyaların verəcəyi dəstəyin əhəmiyyəti böyükdür. Ümid edirəm ki, atəşkəsin sürətlə həyata keçirilməsi və sülün daim olması üçün parlament də eyni sürətlə üstünə düşən tarixi missiyanı həyata keçirəcək. Sülh danışıqlarında irəliləmə olduqca ictimaiyyətə daha ətraflı məlumat verəcəyimi ümid edir, hanımı bir daha salamlayıram” – deyə terrorçu liderin Demirtaş tərəfindən səsləndirilən müraciətində bildirilib.
PKK liderinin müraciətini oxuyan BDP heyəti jurnalistlərin suallarına cavab vermədən limandan uzaqlaşıb.
DOSTLARINLA PAYLAŞ: