Obama Corc Buşu Amerikanın yüksək mükafatı ilə təltif etdi
16 Fevral 2011 Çərşənbə 01:28
“Biz Corc Buşun timsalında fövqəladə xidmət və inanılmaz fədakarlığı alqışlayırıq”
ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların keçmiş prezidenti ata Corc Bunu, Almaniya kansleri Angela Merkeli və daha 13 görkəmli şəxsə “Azadlıq” medalını təqdim edib.

“Azadlıq” medalı Amerikanın ən yüksək mükafatıdır və mülki şəxslərə verilir. Bu medalla ABŞ-ın təhlükəsizlik və ya milli maraqları işinə, sülməramlı və mədəni fəaliyyətdə xüsusilə dəyərli töhfə verən şəxslə təltif edilirlər.

Barak Obama Ağ Nvdə laureatların mükafatlandırılması mərasimində ata Corc Buş barəsində xoş sözlər deyib: “Biz Corc Buşun timsalında fövqəladə xidmət və inanılmaz fədakarlığı alqışlayırıq. Onun təvazökarlığı və alicənablığı Amerikada mövcud olan bütün yaxşılıqları əks etdirir”.

Ata Corc Buş təltifetmə mərasimində prezident kürsüsünə söykənib və ayaq üstdə dayanmaqda çətinlik çəkib. Barak Obama isə mükafatı təqdim etdikdən sonra eks-prezidenti yerinə aparıb və oturmağa kömək edib.

Angela Merkel isə mərasimdə iştirak etməyib. Barak Obama isə onun mükafatını üçüncü şəxslər vasitəsilə çatdırmaq istəməyib: “Ancela Merkel mənim üçün etibar etdiyim siyasi müttəfiq və dostdur. O dəfələrlə deyib ki, hər şey mümkündür, amma azadlıq özü gəlmir, onu qazanmaq lazımdır. Bu gün Angela Merkel bizimlə deyil. Lakin o bura rəsmi səfərə gələcək və mən medalı o zaman təqdim edəcəm”. Barak Obama Almaniya kanslerinin gözlənilən səfərinin vaxtını açıqlamayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar