ABŞ prezidenti Barak Obama büdcədən yeni F-22 qırıcılarının tikintisinə vəsait ayrılacağı təqdirdə ölkənin 2010-cu il hərbi büdcəsinə veto qoyacağı ilə hədələyib. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının ABŞ Konqresinə ünvanladığı məktubda bildirilir.
"Müdafiə naziri Robert Qeyts və hərbçilər müəyyən ediblər ki, onlar belə təyyarələrə ehtiyac duymurlar", - deyə Obama 1,75 milyard dollar həcmində yeddi qırıcının tikintisi üçün xərclər nəzərdə tutan qanunvericiliklə bağlı bildirib.
Onun sözlərinə görə, bu layihənin davam etdirilməsi ehtiyatların dağıdılmasına gətirib çıxara bilər. Belə ki, bu vəsaitlər qoşunların daha çox ehtiyac duyduqları silahların istehsalına sərf oluna bilər. /ANS PRESS/