Obama yeni strategiyasını açıqladı
02 Dekabr 2009 Çərşənbə 10:15
Obama yeni strategiyasını açıqladı. ABŞ Əfqanıstana daha 30 min hərbiçi göndərir.
ABŞ prezidenti Barak Obama ölkəsinin Əfqanıstanla bağlı yeni strategiyasını açıqlayıb. Obama bildirib ki, yeni hərbi strategiya və Amerika kontingentinin daha 30 min əsgər artırılması təşəbbüsü ələ almağa kömək edəcək. Prezident Nyu-Yorkdakı West-Point Hərbi Akademiyasındakı çıxışı zamanı bu barədə məlumat verib. Obamanın sözlərinə görə, Əfqanıstan siyasətinə yenidən baxılması prosesi başa çatıb.
Obama Amerikanın Əfqanıstanla bağlı strategiyasının 3 əsas elementini açıqlayıb: talibanlara qarşı mübarizə, BMT, beynəlxalq tərəfdaşlar və əfqan xalqı ilə, eləcə də Pakistan ilə yaxın əməkdaşlıq.
B.Obama bildirib ki, Əfqanıstana daha 30 min əsgərin göndərilməsi mili maraqlara xidmət edir və 18 aydan sonra Amerika qoşunları vətənə qaytarılmağa başlayacaq.
"Mən bu qərarı ona görə qəbul etdim ki, bizim təhlükəsizliyimizin Əfqanıstanda və Pakistanda təhdid altında olduğuna əminəm. Bu ölkələr "Əl-Qaidə" ekstremizminin episentridir. Əfqanıstandan qoşunlarımızın çıxarılmasına imkan yaratdığımız bir vaxtda təşəbbüsü ələ keçirmək üçün əlavə resurslar vacibdir", deyə Barak Obama bildirib. O, həmçinin əlavə edib ki, ABŞ-ın məqsədi dəyişməz olaraq qalır: "Əfqanıstanda və Pakistanda "Əl-Qaidə"ni tərksilah və məğlub etmək, onları Amerikanı eləcə də bizim müttəfiqlərimizi gələcəkdə hədələmək qabiliyyətindən məhrum etməkdir".
Obamanın fikrincə, bu məqsədə nail olmaq üçün Əfqanıstanda "Əl-Qaidə"nin fəaliyyətinə mane olmaq, eləcə də talibana yerli höküməti devirməyə imkan verməmək lazımdır. Birləşmiş Ştatlar prezidenti onu da qeyd edib ki, Amerika öz müttəfiqləri, BMT və əfqan xalqı ilə əməkdaşlığını gücləndirəcək. Bununla belə Obama bildirib ki, Əfqanıstan prezidenti Həmid Kərzainin inaqurasiya nitqində yeni istiqamət barədə açıq siqnal var. Barak Obama söz verib ki, korrupsiyaya qarşı mübarizədə əfqan hökümətinə və yerli liderlərə kömək edəcək. Obama onu da vurğulayıb ki, Əfqanıstan və İraqda müharibəni başa çatdıraraq öz ölkəsində də vəziyyəti yaxşılaşdırmaq barədə düşünür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: