Obama və Medvedevin görüşü mayda olacaq
25 Fevral 2011 Cümə 01:36
Görüşdə əsas diqqət Rusiyanın ÜTT-yə qoşulması məsələsinə yönəldiləcək
ABŞ və Rusiya prezidentləri Barak Obama və Dmitri Medvedevin növbəti təkbətək görüşünün “Böyük səkkizliy”in mayda Fransanın Dovil şəhərində keçiriləcək növbəti sammiti çərçivəsində keçiriləcəyi gözlənilir. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Daniel Rassel Vaşinqtonda Amerika Sahibkarlıq İnstitutundakı seminarda bildirib.
Daniel Rassel deyib ki, növbəti yüksək səviyyəli Amerika-Rusiya danışıqlarında hər iki tərəf üçün əhəmiyyət kəsb edən bəzi məsələlərin həllinin irəliyə aparılması nəzərdə tutulur. Onun sözlərinə görə, ilk növbədə söhbət Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulması prosesinin yekunlaşdırılmasından gedir.
Dövlət Departamentinin əməkdaşı bildirib ki, ABŞ-ın vitse-prezidenti Cozef baydenin martda Moskvaya edəcəyi səfər son aylar Rusiyanın ÜTT-yə üzvlüyü ilə bağlı əldə edilmiş uğurların möhkəmləndirilməsinə, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət etməlidir. Daniel Rasselin sözlərinə görə, Birləşmiş Ştatların vitse-prezidenti ticari-iqtisadi məsələlərdə böyük təcrübəyə malikdir.
Daniel Rassel əmin edib ki, Obama administrasiyası Rusiya rəhbərliyi ilə qarşılıqlı əlaqələrin davam etdirilməsində maraqlıdır: “Hesab edirik ki, bunu yüksək səviyyədə və hər zaman etmək lazımdır”.
Xatırladaq ki, Birləşmiş Ştatların vitse-prezidenti Cozef Bayden və həyat yoldaşı martın 7-dən başlayaraq, Rksiya, Finlandiya və Moldovaya səfər etməlidir.
DOSTLARINLA PAYLAŞ: