Obama Qəddafiyə ciddi xəbərdarlıq edib
08 Mart 2011 Çərşənbə Axşamı 12:46
ABŞ prezidenti liviyalı həmkarının ətrafındakılara açıq ismarış göndərib
Liviyanın Ras-Lanuf şəhərində üsyançılar hava hücumundan müdafiəni gücləndirir. Neft ixracı üçün strateji liman olan Ras-Lanuf hökumət aviasiyasının müntəzəm hücumlarına məruz qalır. Döyüşlər bütün Liviya sahilləri boyunca gedir, xəsarət alanların sayı yüzlərlə hesablanır. Ötən günlər ərzində hökumət qüvvələri sahil boyunca uğurlu hücumlar həyata keçirib. Əldə edilmiş məlumatlara əsasən, bir sıra əsas şəhərləri nəzarətdə saxlayan üsyançılar Müəmmar Qəddafinin doğma şəhəri olan Sirtə hücumlar planlaşdırır. Lakin bununla belə onlar Bin Cavad şəhərini müdafiəsiz qoymuşdular ki, bundan da hökumət qüvvələri dərhal yararlanıb. Şahidlərin sözlərinə görə, əhali piyada şəhəri tərk edərək qonşu Ras-Lanuf və Nufaliyə şəhərinə üz tutub.
Şiddətli döyüşlər, həmçinin paytaxt Tripolinin 200 kilometrliyində yerləşən Misurat şəhəri uğrunda da gedir. Yerli həkimlərin hesablamalarına görə, burada ölənlərin sayı 20 nəfəri ötüb. Müxalifətçilər hesab edir ki, Qəddafi neft buruqları və terminallarını məhv etmək barədə göstəriş verə bilər və bu səbəbdən də onlar Qərbin müdaxiləsini tələb edir. Ən son məlumatlara görə, Tunislə sərhəddə 16 mindən yuxarı liviyalı qaçqın məskunlaşıb.
Liviyanın xarici işlər naziri Musa Məhəmməd Kusa 300-ə yaxın “Əl-Qaidə” silahlısının hazırda müxalifət qoşunlarının tərəfində döyüşdüyünü bildirib. Nazir həmçinin Fransa, ABŞ və Böyük Britaniyanın Liviyanı bölmək niyyətində olduqlarını bildirib.
Birləşmiş Ştatlar prezidenti Barak Obama Ağ evdə Avstraliya baş naziri Culiya Hillardla görüşdən sonra jurnalistlərə müsahibəsində deyib ki, ölkəsi və NATO müttəfiqləri Liviyaya qarşı hərbi müdaxilə daxil olmaqla bütün variantları nəzərdən keçirir: “Biz Liviyada baş verən zorakılığı izləməyə davam edirik. Mən indi Qəddafinin ətrafında olanlara açıq ismarıç göndərmək istərdim. Nə cür hərəkət etmək onların seçimidir, ancaq onlar etdiklərinə görə cavab verəcəklər”.
Birləşmiş Ştatlar prezidenti deyib ki, ABŞ və Avstraliya Liviya hökumətinin öz xalqına qarşı tətbiq etdiyi zorakılığın qəbuledilməz olduğu fikrində həmrəydir. Barak Obama həmçinin çıxışında Liviyaya daha 15 milyon dollar həcmində humanitar yardım ayıracağını da deyib.
DOSTLARINLA PAYLAŞ: