Obama Medvedevi Censon-Venik düzəlişinin ləğv olunacağına əmin edib
17 Dekabr 2011 Şənbə 02:19
ABŞ və Rusiya arasındakı münasibətlərə mane olan düzəliş gələn il ləğv edilə bilər.
ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Dmitri Medvedevlə telefon söhbətində Birləşmiş Ştatlar administrasiyasının Censon-Venik düzəlişini lətv etmək niyyətinə əmin edib. Bunu Ağ Evin mətbuat katibi Cey Karni deyib.
Barak Obama Dmitri Medvedevə ötən gün gündüz zəng vurub. Amerika lideri rusiyalı həmkarını Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv olması münasibətilə təbrik edib. O, iki ölkənin yaxınlaşması kursunun davam etdirilməsi niyyətini də açıqlayıb.
“Obama Medvedevə deyib ki, adcministrasiya Censon-Venik düzəlişinin ləğvinə nail olmaq üçün Konqreslə işi davam etdirəcək. Bu, Amerika sahibkarları və şirkətlərinin Rusiyanın ÜTT-yə üzvlüyünün bütün potensialından istifadə etməsi üçün vacibdir”, - Cey Karni bildirib.
Qeyd edək ki, Ceyson-Venik düzəlişi ABŞ və Rusiya arasındakı münasibətlərdə ÜTT normalarının tətbiqinə əngəllərdən biridir. Bu düzəliş 1974-cü ildə Amerika hökuməti tərəfindən SSRİ ilə ticarətin məhdudlaşdırılması üçün tətbiq edilib. Düzəlişin qəbul edilməsi Sovet İttifaqında mühacirət azadlığının olmaması ilə əlaqədar idi. 1989-cu ildən bu yana ABŞ hər il düzəlişin fəaliyyətinə moratorium qoysa da, Konqres düzəlişi ləğv etməyib.
Ağ Ev bir neçə gün əvvəl bəyan edib ki, Ceyson-Venik düzəlişinin ləğvi Amerika administrasiyasının 2012-ci il üçün prioritetlərindən biridir.
DOSTLARINLA PAYLAŞ: