Obama İran xalqına müraciət edib
20 Mart 2010 Şənbə 15:00
Obama İran xalqına müraciət edib. Müraciət internetlə yayımlanıb.
ABŞ prezidenti Barak Obama Novruz bayramı ərəfəsində İran xalqına internetlə müraciət edib. Barak Obama video müraciətində bildirib ki, Vaşinqton amerikalı və iranlı tələbələr arasında təhsil və mədəni mübadilənin genişləndirilməsinə ümid edir.

Ağ ev rəhbəri, həmçinin prezidentliyi müddətində İran xalqına sayca ikinci video müraciətində bu ölkədə internetə giriş keyfiyyətinin yaxşılaşdırılmasına çağırıb.

Prezident Barak Obama həmçinin bildirib ki, Birləşmiş Ştatlar rəhbərliyinin diplomatik dialoq təklifi hələ qüvvədə olsa da, İran hökuməti özünütəcridi seçib. Ancaq o, eyni zamanda Tehranın beynəlxalq tələbləri yerinə yetirməsinin vacibliyini vurğulayıb.

“ABŞ və bütün dünyada Novruz bayramını qeyd edənlərə ən xoş arzularımı çatdırıram. Bu bayramda dostlar və ailələr fürsətdən istifadə edərək bir yerə toplaşır və bir-birləri ilə arzularını bölüşürlər. Bir il əvvəl mən bu fürsətdən istifadə edərək İran İslam Respublikasının xalqı və liderlərinə birbaşa müraciət etdim. Onlara qarşılıqlı maraqlar və ehtiram əsasında əməkdaşlığın yeni səhifəsini təklif etdim. Artıq otuz ildir ki, Birləşmiş Ştatlar və İran arasında birbaşa əlaqələr kəsilib. İran liderləri Amerikaya qarşı düşmənçilik siyasəti yürütməyə başlayıb. Ölkələr arasında bir çox məsələlərdə ciddi ziddiyyətlər davam edir. Ötən ilki müraciətimdə də bildirmişdim ki, daha yaxşı gələcəyin seçimi İran liderlərinin öz əllərindədir. Bu həqiqət bu gün də qalmaqdadır. Amerika Birləşmiş Ştatları beynəlxalq ictimaiyyətlə birlikdə sizin dinc nüvə enerjisinə sahib olmaq hüququnuzu qəbul edir. Biz yalnız sizin digər ölkələrə də aid məsuliyyəti dərk etmənizdə israrlıyıq. Biz sizin keçmiş narazılıqlarınızdan xəbərdarıq. Bizim də narazılıqlarımız var, ancaq biz irəli addım atmağa hazırıq. Biz sizin nəyin əleyhnə olduğunuzdan xəbərdarıq, ancaq indi nəyin tərəfdarı olduğunuzu bizə söyləyin”, - deyə Barak Obama bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar