"Mənim "erməni soyqırımı" ilə bağlı fikrim dəyişməyib". Bu sözləri bu gün Türkiyə prezidentinin iqamətgahı -"Çankaya" köşkündə baş tutan görüşdən sonra ABŞ prezidenti Barak Obama Abdulla Gülə birgə keçirilən mətbuat konfransında deyib. ANSPRESS-in məlumatına görə, ABŞ prezidentinə ilk olaraq "Erməni soyqırımı ilə bağlı fikriniz dəyişibmi? Abdulla Gülə soyqırımı tanıyıb-tanımayacağınızla bağlı nə isə dedinizmi?" sualı verilib. Barak Obama isə cavabında bildirib ki, fikirləri yazılıdır: "Fikirlərim dəyişməyib. Amma məni ən çox cəsarətləndirən şey, hörmətli prezident Abdulla Gülün liderliyi altında Ermənistan-Türkiyə müzakirələrinin davam etdirilməsidir. Bu müzakirləri mən də izləyirəm və bu görüşlər çox qısa müddətdə bəhrəsini verə bilər. Bunun nəticəsi olaraq mən öz fikirlərimə deyil, Türkiyənin fikirlərinə diqqət yetirmək və bu mövqedən çıxış etmək istəyirəm. Çünki, keçmişdə faciəvi hadisələr yaşanıb və bütün dünya məsələni həll etməyə çalışarkən Türkiyəni cəsarətləndirməli və mümkün olduqca barışdırıcı bir mövqe tutmalıdır. Bu məsələlərdə irəliyə gedən yolun qısa olmasına şərait yaradılmaldıır və mən də bu müddətin tez bitəcəyini düşünürəm. Bir ABŞ prezidenti olaraq yaxın gələcəkdə ediləcək açıqlamalarla bağlı heç nə söyləmək istəmirəm. Amma bu məsələlər üzərində çalışdıqca ən önəmli məsələlərdən biri Türkiyənin və Ermənistanın eyni nöqtəyə gəlməsidir.
Jurnalist daha sonra "Əgər doğru anlamışamsa, fikriniz dəyişməyib. Amma soyqırım sözünü işlədəksinizmi?" deyə sualına Obama belə cavab verib: "Mən burada Adulla Gülün indiyədək son dərəcə uğurlu olan müzakirələrinin davam etməsinə yardımçı olmaq istəyirəm. ABŞ-ın hər hansı şəkildə bu müzakirələri başqa tərəfə çəkməsini istəmirəm".
Türkiyə prezidenti isə bildirb ki, bu məsələ çox mübahisəlidir. "Amma bu, siyasi-huquqi məsələ yox, tarixi hadisə-1915-ci ildə müharibə zamanı baş vermiş bir olaydır. Osmanlı imperiyası dörd cəbhədə döyüşərkən, təəssüf ki, öz ölkəsinin vətəndaşları bəzi ölkələr tərəfindən təxribara çəkiliblər. Nəticədə daxili qarşıdurma yaranıb və bir çox şəxslər dünyalarını dəyişiblər. Təbii ki, həyatlarını itirən hər kəsin kədərini paylaşırıq. Amma unutmayın ki, eyni zamanda türklər də, müsəlmanlar da çox böyük bir itki veriblər. Və həmin zamanlar Balkanlardan, Qafqazdan milyonlarla türk məcburi olaraq köçürülmüş və onlar Türkiyəyə gələrkən çox böyük bir itki veriblər. Dolayısı ilə bütün bunlar o zaman qarışıq bir zamanda baş verib. Amma Türkiyədə müasir cümhuriyyət qurulandan sonra yeni nəsilləri nifrət duyğusu ilə bəsləməmək üçün bunları dünyada böyük bir hadisə kimi təqdim etməyib. Daha sonra təəssüf ki, siyasi məqsədlə bu məsələlər, xüsusilə də diaspora tərəfindən çox gündəmə gətirilib. Bu zaman isə bizim təklifimiz oldu ki, bu məsələni tarixçilər aşadırsın. Biz tarixçilərin qərarı ilə razıyıq. Kimin haqlı, kimin haqsız oluduğuna, parlamentari və ya siyasətçi qərar verə bilməz. Ortaq tarix komissiyası qurulsun və biz onun qərarları ilə razılaşarıq. Öz arxivlərimizi açdıq, hətta dedik ki, ABŞ və yaxud Fransa kimi ölkələr bununla çox maraqlanırsa, buyursunlar onlar da bu ortaq tarix komissiyasına daxil ola bilərlər. Biz bölgədə hər kəslə yaxşı münasibətdə olmağı arzu ediirk. Təəssüf ki, Ermənistanla bu cür əlaqələrimiz çox yoxdur. 70 minə yaxın Ermənistan vətəndaşı Türkiyədə yaşasa, çalışsa və öz məvacibini ailəsinə göndərsə də, təyyarə səfərləri olsa da digər əlaqələrimiz yoxdur. Bütün bunları normallaşdırmaq üçün görüşlər başlayıb. Bu görüşlərin ən yaxşı şəkildə nəticələnməsini arzulayırıq. Qafqazda yeni bir vəziyyət var. Keçən il potensial hadisələrin necə qaynar proseslərə çevrildiyini hamımız müşahidə etdik. Ona görə də bu müddət çərçivəsində Qafqazdakı bütün mübahisəli məsələləri, xüsusilə də Ermənistanla Azərbaycan arasındakı problemləri həll edək. Bu problemlər həll olunsun ki, böyük bir əməkdaşlıq sahəsi meydana gəlsin. Ümid edirəm ki, bu səylərimiz yaxşı nəticə verəcək”. /ANSPRESS/