Obama bu gün ərəb ölkələri ilə bağlı müraciət edəcək
19 May 2011 Cümə Axşamı 10:17
Ağ Ev rəhbəri ölkəsinin Misir və Tunisə iqtisadi yardımını açıqlayacaq
ABŞ prezidenti Barak Obama bu gün Yaxın Şərqlə bağlı çıxış edəcək. Barak Obama hakimiyyətə gəldikdən bəri Yaxın Şərqlə bağlı ikinci böyük müraciətində ABŞ-ın bu regionda siyasətini bir daha müəyyənləşdirəcək.
Bu, həm də, ilin əvvəlində ərəb dünyasında ixtişaşların baş qaldırmasından bəri Barak Obamanın ölkəsinin Yaxın Şərq və Şimali Afrika üzrə xarici siyasəti barədə ilk müraciəti olacaq. Ağ Ev rəhbərinin Dövlət Departamentində çıxışında Misir və Tunisə iqtisadi yardım elan edəcəyi gözlənilir.
Ağ Evin mətbuat katibi Cey Karninin verdiyi məlumata görə Barak Obama Misirin ABŞ-a olan 3.5 milyard dollar borcundan 1 milyard dollarını ləğv etmək planını açıqlayacaq. Əvəzində ABŞ həmin pulu Misir hökuməti ilə birlikdə iş yerlərinin yaradılmasına sərf edəcək. Vaşinqton həmçinin Misirə infrastrukturun inkişafına dəstək üçün 1 milyard dollar həcmində yeni borc təklif edəcək. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi digər beynəlxalq təşkilatların da əlavə maliyyə dəstəyi kimi bir neçə milyard dollar təklif edəcəyi gözlənilir.
ABŞ prezidentinin çıxışında Fələstin və İsrail arasında dayandırılan sülh prosesinə də toxunacağı, danışıqların yeni mərhələsinə başlamağa çağıracağı bildirilir.
DOSTLARINLA PAYLAŞ: