Obama ailəsi ötən il 1,7 milyon dollar qazanıb
19 Aprel 2011 Çərşənbə Axşamı 01:10
Birləşmiş Ştatların birinci ailəsinin qazancı bir il əvvəllə müqayisədə xeyli azalıb
ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel ötən il 1,7 milyon dollara yaxın qazanc əldə ediblər. Bu barədə məlumat Birləşmiş Ştatların birinci ailəsinin vergi bəyannaməsində verilir. Bəyannaməni Ağ Evin mətbuat xidməti ictimaiyyət üçün açıqlayıb.

Gəlirin böyük hissəsi Barak Obamanın yazdığı kitablardan əldə olunan qonorarların payına düşür. Barak və Mişel Obama qazanclarından 453 min 770 dollar vergi ödəyiblər. Qazancın 14,2 faizi - 245 min 075 dollar 36 müxtəlif xeyriyyə təşkilatlarına verilib. Ən böyük ianə amerikalı hərbi qulluqçular və ailələrinə tibbi yardım göstərilməsi üzrə ixtisaslaşmış “Fisher House” fonduna edilib.

ABŞ-ın vitse-prezidenti Cozef Bayden və həyat yoldaşı Cilli 2010-cu ildə 379 min 178 dollar qazanıblar. Onlar 86 min 626 dollar vergi ödəyiblər.

Qeyd edək ki, 2009-cu ildə Obama ailəsi 5,5 milyon, 2008-ci ildə isə 2,7 milyon dollar qazanmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar