Nyu York polisi gərgin anlar yaşadı
02 May 2013 Cümə Axşamı 07:36
ABŞ polisi 11 sentyabr hücumları zamanı istifadə olunan təyyarənin qalığını aşkar edib.
ABŞ-ın Nyu York şəhərində 2001-ci il 11 sentyabr tarixində Dünya Ticarət Mərkəzinə edilən terror hücumu zamanı istifadə olunan təyyarənin qalığı polis tərəfindən müsadirə olunub. 115.6 kiloqram ağırlığı olan metal parça ötən həftə yaşayış binası ilə məscidin arasında polis müfəttişi tərəfindən aşkarlanmışdı.

Ərazidə çalışan polis müfəttişi təyyarənin qalığını məscidin tavanından görüb. Ötən gün iki saata yaxın çəkən əməliyyat sonrasında metal parça Bruklin polisinə təhvil verilib.

Nyu York Polisinin İstintaq Şöbəsinin nümayəndəsi Uilyam Obrinin sözlərinə görə, metal parçanın çıxarılması zamanı bəzi polislər gərgin anlar yaşayıb: “Təyyarənin qalığı hazırda daha çox tarixi əhəmiyyət kəsb edir. Biz metal parçanı düşdüyü yerdən çıxararkən ona heç bir ziyan dəyməməsi üçün əlimizdən gələni etdik. Əməliyyat zamanı onun bütün tərəfləri olduğu kimi saxlanıldı. Biz müəyyən qədər emosional davrandıq. Əməliyyatda iştrak edən Fövqəladə Xidmət Şöbəsinin bəzi əməkdaşları 11 il əvvəl Dünya Ticarət Mərkəzində insanların xilasedilməsi əməliyyatlarına cəlb olunmuşdular. Bu, onlara həmin günü xatırlatdı”.

Qeyd edək ki, rəsmilərin sözlərinə görə, metal parça təyyarənin quyruq hissəsinə aiddir. Terror aktı zamanı qaçırılan hər iki təyyarə isə “Boeing 767” tipli təyyarələr olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar