Nursultan Nazarbayev mümkün qədər prezident kürsüsündə oturmaq arzusundadır
29 Yanvar 2011 Şənbə 12:20
Dünən Qazaxıstan prezidenti Nursultan Nazarbayev Parlamentin iclasında xalqa müraciət edib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ötən gün parlament palatalarının birgə iclasında hər il olduğu kimi xalqa müraciət edib. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nazarbayev etiraf edib ki, ölkədə mürəkkəb siyasi vəziyyət yaranıb.
“Etiraf edim ki, hamı və mənim üçün prezidentin səlahiyyətlərinin 2020-ci ilədək uzadılması üzrə referendumun keçirilməsinə dair ümumxalq təşəbbüsü ilə bağlı mürəkkəb siyasi ziddiyyət yaranıb”, - deyə Qazaxıstan prezidenti bildirib.
Prezident qeyd edib ki, hazırda yalnız Konstitusiya Şurası Konstitusiyaya düzəlişlərin qanuniliyini müəyyən etməlidir, qəbul olunan qərar isə Konstitusiya və bizim qanunlarımıza müvafiq olmalıdır, həmçinin xalqımızın uzunmüddətli maraqlarını nəzərə almalıdır.
“Mən söz verirəm ki, Allah mənə can sağlığı və güc verərsə, əgər xalqın yekdil dəstəyi olarsa, mənə imkan verilən qədər işləyəcəyəm”, - deyə Nazarbayev bildirib.
Qeyd edək ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası 2010-cu ilin 27 dekabr tarixində 2012-ci ildə keçiriləcək prezident seçkisinin əvəzinə ölkə başçısının səlahiyyətlərinin 2020-ci il 6 dekabr tarixinədək uzadılması üzrə referendumun keçirilməsini təklif edən təşəbbüs qrupunu qeydə alıb.
Bu həftə isə ABŞ dövlət katibi Hillari Klinton Qazaxıstanı prezidentin idarəçilik müddətinin uzadılması üzrə referendum keçirməklə demokratik prinsiplərdən uzaqlaşmamağa çağırıb. Klinton ümid etdiyini bildirib ki, Qazaxıstan demokratiya və insan haqlarına riayət olunmasına bağlılığını təsdiq edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: