Novruz bayramı BMT-də qeyd olunacaq
19 Mart 2011 Şənbə 18:55
Martın 24-də TÜRKSOY-un təşkilatçılığı ilə Nyu-Yorkda, BMT-nin Baş Məclisində Novruz bayramı şənliyi təşkil ediləcək
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin qərarı ilə dünyada martın 21-i “Beynəlxalq Novrüz Günü” elan olunub. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun qeyri–maddi mədəni irs siyahısına daxil edilən və bəşəriyyətin ortaq mirası olan Novruz bayramı bu il ABŞ-da da geniş qeyd olunacaq.
TÜRKSOY mədəniyyətlərarası dialoq prosesini dəstəkləmək məqsədi ilə 2011-ci ildə Novruz bayramının BMT Baş Məclisində qeyd olunması üçün səylər göstəribr. Martın 24-də TÜRKSOY-un təşkilatçılığı ilə Nyu-Yorkda, BMT-nin Baş Məclisində Novruz bayramı şənliyi təşkil ediləcək. Bunun üçün artıq BMT Baş Məclisinin bir salonu da ayrılıb.
ABŞ Azərbaycanlıları Şəbəkəsi və ABŞ Türkləri Şəbəkəsinin dəstəyi ilə keçiriləcək tədbirdə TÜRKSOY-a üzv ölkələrin BMT-dəki daimi nümayəndəliklərinin təmsilçiləri iştirak edəcəklər.
Vaşinqton və Bostonda da Novruz bayramı ilə bağlı tədbirlər keçiriləcək. Vaşinqtondakı Corctaun və Bostondakı Harvard universitetlərində Novruz mövzusunda konfranslar təşkil olunacaq.
Qeyd edək ki, türkdilli ölkələrin mədəniyyətinin araşdırılması, tanıdılması və gələcək nəsillərə çatdırılması məqsədi ilə təsis olunmuş TÜRKSOY təşkilatı 1995-ci ildən etibarən Novruz bayramını müxtəlif tədbirlər təşkil edərək hər il qeyd edir.
DOSTLARINLA PAYLAŞ: