Növbə çatdı İrana
14 Fevral 2011 Bazar Ertəsi 22:22
Tehranda polislə nümayişçilər arasında toqquşmalar baş verib, ölən və yaralananlar var
Bu gün İranda nümayişçilərlə polis arasında baş verən toqquşmalar nəticəsində ən azı 1 nəfər ölüb, onlarla adam yaralanıb, 200-dən çox etirazçı həbs edilib. Qeyd edək ki, iş günü bitdiyindən küçələrə axışan nümayişçilərin sayı durmadan artır. Narazı kütlə iki əsas “Azadi” (Azadlıq) və “Enqilabi” (İnqilab) küçələrinə toplaşır. İnsanlar hökumət əleyhinə şüarlar səsləndirir, siyasi dustaqların azad edilməsi və ölkədəki rejimin demokratikləşməsini tələb edir. Bəzi küçələrdə barrikadalar qurulub, nümayiçşilərin onların arxasında polislərdən gizlənməyə çalışır.
Qəzəbli nümayişçilərin qarşısını almaq üçün 10 mindən artıq polis Tehran küçələrinə nəzarət edir. Polis insanların əsas meydanlara çox toplaşmasının qarşısını almağa çalışaraq, gözyaşardıcı qaz, dəyənək və rezin güllələrdən istifadə edir. Hətta ölkədə internet və mobil rabitə kəsilib. “BBC News”un məlumatına görə, xəbər kanallarının peyk siqnallarını batırmaq istiqamətində cəhdlər davam edir. Analoji çıxışların İranın digər iri şəhərlərində də keçirildiyi bildirilir.
Bütün bu məlumatlar hələlik rəsmi şəkildə təsdiq edilməyib. Çünki ölkədə bütün KİV-lərin fəaliyyəti məhdudlaşdırılıb. Əcnəbi jurnalistlərə isə işləmək tamamilə qadağan edilib.
Bu arada Misirin “əl-Cəzirə” kanalının verdiyi məlumata görə, İranın Qum, İsfahan, Təbriz, Şiraz və digər iri şəhərlərində iğtişaşlar davam edir. Nümayişçilər “Diktatora ölüm!”, “Mübarək, Ben Əli, indi isə - Xamenei!” deyə şüarlar səsləndirir.
Bundan başqa, müxalifət lideri Mirhüseyn Musavinin ev dustaqlığından qurtularaq nümayişçilərə qoşulduğu da bildirilir.
DOSTLARINLA PAYLAŞ: