Neftin qiyməti 108,47 dollara çatdı
05 Aprel 2011 Çərşənbə Axşamı 03:51
London birjasında isə “qara qızıl” 121,29 dollaradək bahalaşıb
Liviyada davam edən münaqişənin dünya bazarlarına təsiri ilə bağlı narahatlıqlar fonunda ötən gün dünya bazarlarında neftin qiyməti artmaqda davam edib.

London birjasında “Brent Crude Oil” markalı neftin bir bareli 2,36 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 121,29 dollara çatıb. Bu, 2008-ci ilin avqustundan bu yana ən yüksək qiymətdir.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,53 dollara artaraq, 108,47 dollara çatıb.

Xatırladaq ki, fevralın ortalarında Liviyada ölkəyə 40 ildən çoxdur rəhbərlik edən Müammər Qəddafinin istefası tələbi ilə xalq çıxışları başlayıb və sonradan silahlı qarşıdurmaya çevrilib. Beynəlxalq təşkilatlar qiyamçılarla hökumət qoşunları arasında baş verən toqquşmalar zamanı minlərlə adamın öldüyünü açıqlasa da, Liviya hakimiyyəti bunu inkar edir.

BMT Təhlükəsizlik Şurası Liviyaya qarşı sanksiyalarla bağlı qətnamə qəbul edib. Qətnamə Liviyaya qarşı hərbi əməliyyatların keçirilməsinə də şərait yaradıb. Əməliyyatlar martın 19-da başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar