NATO qüvvələri Liviyada 2 mindən çox obyekti bombalayıb
18 İyun 2011 Şənbə 12:39
NATO rəsmisi bu barədə açıqlama verib.
Liviyada əməliyyatları davam etdirən NATO qüvvələri martın 31-dən iyunun 12-dək 2 mindən çox obyekti bombalayıb. NATO-nun Liviyaya qarşı hərbi əməliyyatlarının rəsmi nümayəndəsi Mayk Breyken İtaliyanın Neapol şəhərindəki operativ qərargahda bu barədə açıqlama verib. Mayk Breyken bildirib ki, həmin müddət ərzində NATO-nun aviazərbələri 370 hərbi obyekti, 255 zenit-raket kompleksi və radarı, 130-dək komandanlıq mərkəzini, 600 ədəd tank, zirehli texnika, hərbi maşın, artilleriya və raket kompleksini, 750 silah anbarını əhatə edib. Bundan başqa, NATO qüvvələri Liviyanın 10 döyüş təyyarəsini və 10 hərbi gəmisini məhv edib. NATO rəsmisinin sözlərinə görə alyans Müəmmər Qəddafi və Liviya müxalifəti arasında döyüşləri də diqqətlə izləyir.
Liviyada ümumi vəziyyət isə dəyişməz qalır. Liviyanın şərqindəki Breqa və Əcdəbiyə şəhərlərində hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalar davam edir. Qərb cəbhəsində də atışmalar səngiməyib. Müxalifətin silahlı qüvvələri tədricən qərbə doğru irəliləyərək paytaxta yaxınlaşır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: