NATO-nun 60 illiyi sammit keçiriləcək
03 Aprel 2009 Cümə 12:25
İki minə yaxın şəxs isə sammitin keçirilməsinə etiraz edib

 

Aprelin 3-də və 4-də Fransanın Strasburq və Almaniyanın Köln şəhərlərində NATO-nun 60 illiyinə həsr olunmuş sammit keçiriləcək. Tədbirdə Şimali Atlantika müqaviləsinə üzv ölkələrin hökumət və dövlət başçıları əsasən təşkilatın üzləşdiyi ümumi və strateji məsələləri müzakirə edəcək, yeni strateji konsepsiya hazırlamaq məqsədi ilə Avroatlantika təhlükəsizliyi kontekstində NATO-nun yerini müəyyənləşdirmək üçün gələcək perspektivləri araşdıracaqlar. Sammitdə NATO-nun Əfqanıstana dair strategiyasında irəliləyişlər, Kosovoda vəziyyət, Rusiya ilə münasibətlər, Fransanın quruma yenidən tamhüquqlu üzv qəbul olmaq istəyi, bunun NATO-Avropa İttifaqı münasibətlərinə təsiri də müzakirə olunacaq.

Yubiley sammitinə hazırlıq sakit ötməyib. Belə ki, sammit ərəfəsində Strasburqda keçirilən nümayişlər zorakılıqla müşayiət olunub. Fransa polisi Şimali Atlantika blokunun toplantısına etiraz edənlərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişin gedişində təhlükəsizlik qüvvələri ilə müharibə əleyhdarları arasında toqquşmalar qeydə alınıb. Nəticədə 100-dən artıq etirazçının həbs edildiyi bildirilir. Ümumilikdə toqquşmalarda 2 minə qədər nümayişçi iştirak edib. Onlar Strasburqun mərkəzinə qədər irəliləsələr də, aksiya polis qüvvələri tərəfindən dağıdılıb.
Strasburqda NATO əleyhdarlarının nümayişi dağıdılan zaman Almaniyanın DDP informasiya agentliyinin fotoqrafı yaralanıb. Alman fotomüxbir polisin NATO əleyhdarlarının nümayişini dağıtmasını lentə alırmış.

Strasburqdan cənubda yerləşən Noyxof şəhərində də polislə qarşıdurma baş verib. Burada küçələrdə barrikadalar quran nümayişçilər avtobusları yararsız hala salaraq, zibil qutularını aşırdıblar.

NATO-nun bu gün və sabah Strasburq, Kele və Baden-Badendə keçiriləcək yubiley sammitinə təşkilatın 28 üzvünün dövlət və hökumət başçıları qatılacaq. Şənbə gününə NATO əleyhdarlarının Strasburda böyük etiraz aksiyası planlaşdırılıb./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar