NATO İrana müdaxilə etməyəcəyini bəyan etdi
25 Yanvar 2012 Çərşənbə 15:55
Alyansın baş katibi Anders Foq Rasmussen "Euronews" telekanalına müsahibəsində bu barədə danışıb.
Liviyadakı NATO əməliyyatı Avropanın öz maraqları naminə öz üzərinə məsuliyyət götürə bildiyini göstərdi. Bunu NATO-nun baş katibi Anders Foq Rasmussen "Euronews" telekanalına eksklüziv müsahibəsində deyib. Müxbirin "NATO Suriyadakı hadisələrə müdaxilə etmirsə, bu, İrandakı vəziyyətə də müdaxilə etməyəcəyi deməkdir?" sualına Anders Foq Rasmussen cavabında İranın işlərinə qarışmaq fikrində olmadığını deyib.

"Demək istəyirəm ki, NATO-nın nə Suriyanın, nə də İranın işlərinə müdaxilə etmək niyyəti yoxdur. Suriyaya gəldikdə, ümid edirik ki, regional səviyyədə optimal qərar qəbul ediləcək. Ərəb Ölkələri Liqasının səylərini yüksək qiymətləndiririk. İrana gəldikdə isə, həll yolunun tapılmasına istiqamətlənmiş beynəlxalq, siyasi və diplomatik təşəbbüsləri dəstəkləyirik" - deyə, NATO-nun baş katibi bildirib.

"Euronews" müxbirinin "İran Hörmüz boğazını bağlayarsa və NATO-dan tədbir görmək istənilsə, nə edərsiniz?" sualına cavabında isə Rasmussen nəyəsə müdaxilə etmək istəmədiklərini bir daha vurğulayıb. "Təbii ki, biz İran rəhbərliyini öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə və uran zənginləşdirmə proqramını dayandırmağa, eləcə də Hörmüz boğazından gəmilərin sərbəst keçidini təmin etməyə çağırırıq" - NATO-nun baş katibi belə deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar