NATO Əfqanıstanda ən irimiqyaslı əməliyyatına hazırlaşır
08 Fevral 2010 Bazar Ertəsi 20:35
"Taliban"ın son sığınacağı Helmandın ələ keçirilməsi planlaşdırılıb
NATO 2001-ci ildən bəri Əfqanıstanda həyata keçirilən ən irimiqyaslı əməliyyatına hazırlaşır.
“Müştərək” adlandırılan əməliyyatda Amerika, Britaniya və Əfqanıstan hərbçiləri iştirak edəcək. Hədəf olaraq isə "Taliban"ın nəzarətində olan Helmand bölgəsinin ələ keçirilməsi planlaşdırılıb.

"Taliban" qüvvələrinin əsas sığınacaqlarından biri olan Marja şəhərində minə yaxın silahlının olması ehtimal olunur. Nad-Ali şəhərinin silahlılardan təmizlənməsi ilə isə Britaniya və əfqan hərbçiləri məşğul olacaq. Bu iki şəhər "taliban" üzvlərinin son sığınacağı hesab olunur.

NATO qüvvələri daha öncə də Marjanı ələ keçirsə də, təhlükəsizliyi təmin etmək üçün kifayət qədər qüvvə olmadığından geri çəkilmək məcburiyyətində qalmışdı. Alyansın indiki canlı qüvvəsi isə təqribən 10 min əsgərdən ibarətdir.

Əməliyyatın keçiriləcəyindən xəbərdar olan Marja sakinləri isə evlərini tərk edir.

Rəsmilər isə həyata keçirilən bu əməliyyatda ilk dəfə olaraq əfqan qüvvələrinin də həlledici rola malik olacağını bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obamanın qərarı ilə bölgədəki 114 minlik hərbi kontingentə daha 30 min hərbçi əlavə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar